"Zaxarovanın bəyanatı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinə ziddir" AÇIQLAMA-ÖZƏL

“Mariya Zaxarovanın erməni millətindən olan Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına görə bəyanatı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinə zidd fikirlərdən ibarətdir. Görünür, Azərbaycanla Rusiya arasında münasibətlərin getdikcə daha da yaxınlaşması Rusiyanın diplomatiya idarəsindən daha çox, ermənilərin kök saldığı, onların maraqlarının müdafiəçisi kimi çıxış edən Rusiya XİN-də bəzi şəxslər arasında narahatlıq yaradıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, Azərbaycan suveren dövlət kimi öz ərazisinə əcnəbi vətəndaşları buraxıb-buraxmamaq hüququna malikdir.

Onun sözlərinə görə, əgər belə hal baş verərsə, konkret olaraq erməni millətindən olan şəxsin ölkəyə daxil olmasına icazə verilməzsə, bunun bir sıra, o cümlədən də təhlükəsizlik nöqteyi-nəzərindən səbəbləri ola bilər: " Azərbaycan suveren dövlətdir və heç kəsin buna görə ölkəmizi tənqid etmək və ya irad bildirməyə ixtiyarı yoxdur. Dövlət sərhədindən keçidə icazənin verilib-verilməməsi hər bir ölkənin öz hüququdur. Üstəlik, söhbət erməni soyadı daşıyan şəxslərdən gedirsə, bunu anlamaq çətin deyil. Çünki biz 30 ilə yaxındır Ermənistanla müharibə şəraitindəyik. Bu müddətdə bizə qarşı çoxsaylı terror-təxribat fəaliyyəti də olub və onları çox zaman Rusiyada yaşayan ermənilər törədib”.

Politoloq söyləyib ki, Azərbaycan öz qapılarını onların üzünə tam bağlamayıb: “Burada minlərlə erməni hələ də yaşayır, eyni zamanda beynəlxalq idman, siyasi, mədəni tədbirlər zamanı ermənilər buraya gəliblər. Elə Zaxarovanın özünün də ötən il iştirak etdiyi “Jara” festivalında erməni qarışığı olan müğənni Zaranın buraya gəlməsi Rusiya XİN sözçüsünün dediklərini təkzib edir”.

N. Məmmədova qeyd edib ki, Zaxarova Rusiya vətəndaşlarının qayğısına qalırsa, o zaman ermənilərin girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun azad də olunmasına çağırış etsəydi yaxşı olardı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə