"2018-ci ildə Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artdı" MÖVQE-ÖZƏL

“2018-ci il Azərbaycan üçün bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığını möhkəmləndirilməsi, eləcə də əməkdaşlıq etmək istəyən ölkələrin sayı baxımından uğurlu il olub. Azərbaycan ötən ildə beynəlxalq sahədə bir neçə istiqamətdə mövqelərini daha da gücləndirmiş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

2018-ci ildə Azərbaycanın çox şaxəli əməkdaşlıq sisteminin formalaşmasında fəal işlər gördüyünü deyən deputat bildirib ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən dünya miqyaslı layihələr beynəlxalq imicimizin daha da yüksəlməsində mühüm əhəmiyyətə malikdir.

A.Mollazadə qeyd edib ki, enerji sahəsi üzrə ölkəmiz tərəfindən həyata keçirilən TANAP layihəsi, TAP-ın həyata keçməsi üçün görülən böyük işlər, bununla yanaşı nəqliyyat sistemi ilə bağlı Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin formalaşdırılması ölkəmizin ortaq maraqlar formalaşdıran mərkəzə çevirməklə yanaşı, Azərbaycanın qonşu və digər ölkələrlə əlaqələrinin daha da yüksəlməsinə xidmət edib.

Azərbaycanın mədəniyyətlərin əməkdaşlığına böyük önəm verdiyini deyən deputat vurğulayıb ki, Bakı bunun nəticəsində sivilizasiyalar, dinlərarası əməkdaşlıq mərkəzinə çevrilib: “Təbii ki, bütün bunlar ölkəmizin nüfuzunun artmasına xidmət edən məsələlərdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə