"2018-ci ildə Azərbaycan hərbi sahədə böyük nailiyyətlər qazanıb" RƏY-ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən gün keçirilən Nazirlər Kabinetinin iclasında söylədiyi kimi 2018-ci Azərbaycanda hərbi sahədə böyük nailiyyətlər qazanılıb. Ötən il ordumuzun qüdrətini dünyaya bir daha nümayiş etdirən iki hərbi paradın keçirilməsi də bu sahədə əldə olunan uğurlar sırasına daxildir”. Bu fikirləri SİA-ya açıqlamasında Veteranlar Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Naxçıvan əməliyyatını xatırladan polkovnik söyləyib ki, bu əməliyyat nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur.

Onun sözlərinə görə, Azərbaycan ordusunun 50 ən güclü ordular sırasına daxil olması da ötən ilin yadda qalan mühüm hadisələrindən biridir: “Cəbhə zonalarında yeni təlim mərkəzlərinin açılması, hərbi qulluqçulara diqqət və qayğı, əsgərlərimizin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə 400-ə yaxın zabitə evlərin verilməsi ötən il hərbi sahədəki uğurların göstəricisidir”.

Ölkə başçısının ordumuza xüsusi diqqət və qayğı göstərdiyini deyən C.Xəlilov söyləyib ki, 2018-ci ildə də həm ordumuzun texniki, həm də hərbçilərimizin sosial məsələləri istiqamətində mühüm addımlar atılıb: “Bütün bunların nəticəsidir ki, bu gün gənclərimizin orduya olan marağı daha da artıb və ordumuz dünyanın ən güclü orduları sıralarına daxil olub. Bu gün hərbi sahədə kadr hazırlığı, keçirilən təlimlər və bu istiqamətdə görülən işlər ordumuzun gələcəkdə daha da böyük uğurlar əldə etməsinə geniş imkanlar açır”.

Polkovnik qeyd edib ki, əgər illər öncə Azərbaycan əsgəri dövlət qarşısında borcunu yalnız Konstitusion və ya məcburi şəkildə həyata keçirirdisə, bu gün əsgərlərimiz həvəslə orduya qulluğa gedir, hətta ön cəbhəyə getmək istədiklərini bildirirlər: “Bu gün ordumuzla xalq arasında münasibətlər yüksək səviyyədədir. Bu gün ordumuzda açıq qapı günləri keçirilir, valideynlərin təklifləri, fikirləri nəzərə alınır. Bunun özü hərbi sahədə əldə olunan uğurlardan biridir”.

C.Xəlilov vurğulayıb ki, bu gün əsgərlərimizin hərbi hissələrdəki sosial şəraiti illərlə müqayisədə qat-qat yüksəkdir: “Bu gün hərbi hissələrimiz müasir şəkildə təmin olunub, əsgərlərimizin həm təmizlik, həm yemək, həm də digər tələbatları xüsusi diqqətdə saxlanılır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...