Dünyanı idarə edən övladsız liderlər TƏHLİL

Ermənistana məxsus mətbuat səhifələri araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı xüsusi canfəşanlıq göstərir. Məsələn, tert.am saytında gedən bir məqalədə Avropa Məhkəməsinin araşdırmaçı jurnalist Xədicə İsmayılovaya görə Azərbaycan hökumətinin 15 min avro məbləğində cərimələməsindən bəhs olunur və Ermənistana məxsus sözügedən sayt bundan Azərbaycan əleyhinə təbliğat məqsədilə yararlanmağa cəhd edir. Ümumiyyətlə, Azırbaycana qarşı düşmən mövqedə olan qüvvələr hər məqamdan istifadə etmək niyyətindədir, baxmayaraq ki, Avropa Məhkəməsinin hansı “meyarlara” əsaslandığı, ədalətsiz və ikili yanaşması dünya ictimaiyyətinə bəllidir.

Xədicə İsmayılovanın konkret olaraq qanun pozuntusunda günahlandırılması və hüquqi müstəvidə cəzalandırılması kiminçünsə sirr deyil. Ölkə daxilində mövcud qanunlara əməl olunmaması səbəbindən həbs olunan, yaxud müxtəlif hüquqi prosedurlar, cəza tədbirləri tətbiq edilən insanlar var və Xədicə İsmayılova nə bunların birincisidir, nə də sonuncusu. Qanunun aliliyi prinspləri hamı üçün eynidir və kimliyindın asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıdığını dərk etməli, əks halda cavabdehlik daşımalıdır.

Dövlətlər öz daxili hüquqi prosedurlarını qorumaqda, ədalətlilik prinsplərinə riaiyyət etməkdə daha maraqlıdırlar, nəinki beynəlxalq hüquqi institutlar

Avropa Məhkəməsi də daxil olmaqla bütün instansiyalar hər bir ölkənin daxili qanunvericiliyini nəzərə almalı və hörmətlə yanaşmalıdır. Nə beynəlxalq təşkilatlara, nə hərhansı bir fövqəl dövlətə, nə də beynəlxalq hüquq təmsilçisi olan orqanlara hansısa dövlətin qanunvericiliyini, tətbiq etdiyi qanunları şübhə altına almaq, bu qanunları heçə saymaq səlahiyyətləri verilməyib. Hətta bəzi dövlətlər öz ölkələrində tətbiq olunan qanunları, hüquqi normativləri beynəlxalq hüquq normalarından da üstün hesab edir və bunu bəyan etməkdən də çəkinmirlər.

Əslində, bu vaxta qədər pozulan beynəlxalq hüquq normalarını nəzərə alsaq həmin dövlətlərin belə bir qənaətə gəlməsinə haqq qazandırmaq da mümkündür. Çünki, elə cırtdan dövlətlər var ki, həmin dövlətlər öz qanunlarına, öz hüquq normalarına daha dürüst əməl edir və ədalətlilik prinsplərini beynəlxalq hüquqi institutlardan daha çox qoruyur. Birmənalı şəkildə qəbul etmək yerinə düşərdi ki, dövlətlər öz daxili hüquqi prosedurlarını qorumaqda, ədalətlilik prinsplərinə tam şəkildə riaiyyət etməkdə daha maraqlıdırlar, nəinki beynəlxalq hüquqi institutlar. Bu baxımdan Xədicə İsmayılovanın timsalında hərhansı ölkə vətəndaşına tətbiq edilən qanuni, hüquqi prosedurlarda icra orqanı, bütövlükdə dövlət haqlıdır. Eyni zamanda bütün bunlar, yəni tətbiq olunan hüquqi prosedurlar, cəza tədbirləri ölkə daxili intizam qaydalarının tənzimlənməsini şərtləndirir və məhz buna görə də kənardan müdaxilə, beynəlxalq təşkilatların təsir mexanizmləri tamamilə yersizdir. Bu mənada qanun pozuntusuna yol verməsi səbəbindən hüquqi müstəvidə cəza tətbiq edilən Xədicə İsmayılovaya görə Azərbaycan kimi qanunun aliliyini hər zaman qoruyan dövləti hərhansı məbləğdə cərimələmək həddindən artıq dərəcədə absurd səslənir və olduqca gülünc görünür.

Təkcə Çıraqovların və digərlərinin müraciətinə görə hələ də Ermənistan barədə ölçü götürülmədiyi faktı təsdiq edir ki, ikili standartlar davam edir

Məsələ burasındadır ki, ermənilər və onların timsalında ölkəmizə qarşı düşmən mövqedə olan qüvvələrin gözündə belə əslində Avropa Məhkəməsi kimi bir hüquqi instansiya oyuncaq quruma çevrilib. Daha doğrusu özləri özlərini belə bir vəziyyətə salıblar. Çünki, hətta ermənilər də yaxşı bilirlər ki, onların törətdiklərinin, qanunsuz əməllərinin, cinayətlərinin fonunda belə bir institutun susması, əvəzində hüquqi prinsplərə, qanunun aliliyinə hörmətlə yanaşan Azərbaycanı hədəfə almaları onların öz nüfuzuna xələl gətirir və imicinə böyük zərbədir.

Təkcə Çıraqovların və digərlərinin müraciətinə görə bu vaxta qədər Ermənistan barədə ölçü götürülmədiyi faktı təsdiq edir ki, yenə də ikili standartlar tətbiq olunur və bu ədalətsiz yanaşma, beynəlxalq hüququn norma və prinsplərinin kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılov tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 34-cü maddəsinə əsasən Ermənistan Respublikasına qarşı verilmiş ərizəyə (13216/05 nömrəli) əsasən iş üzrə icraat 2005-ci il aprelin 6-da başlanılıb və hələ də nəticəsi yoxdursa hansı beynəlxalq hüquqdan, hansı ədalətlilik prinspindən söhbət gedə bilər?
Ərizəçilər iddia edirlər ki, cavabdeh hökumət tərəfindən onların işğal edilmiş ərazidə yerləşən Laçın rayonuna qayıtmağının qarşısı alınır, buna görə onlar orada yerləşən mülkiyyət və evlərindən istifadə etmək imkanından məhrumdurlar və ziyana görə heç bir kompensasiya da almayıblar. Hətta bildiriblər də ki, bu, Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin və Konvensiyanın 8-ci maddəsinin davamlı pozuntusunu təşkil edir. Onlar yuxarıda göstərilən bütün şikayətlərlə əlaqədar olaraq iddia edirlər ki, Konvensiyanın 14-cü maddəsinə zidd olaraq etnik mənşəyinə və dini mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalıblar.

Ərizənin qəbuledilənliyi və mahiyyəti üzrə açıq məhkəmə iclası 2010- cu il sentyabrın 15-də Strasburqda İnsan Hüquqları Sarayında keçirilib, 2011-ci il dekabrın 14-də hakimlərdən ibarət tərkibdə Böyük palata tərəfindən ərizə qəbuledilən elan edilib. Amma nədənsə proses təxirə salınır, Ermənistana vaxt verilir və zəruri halda onu müəyyən etmək səlahiyyəti Məhkəmənin sədri üzərində müəyyən edilir. Ermənistana verilən vaxt isə başa çatsa da işğalçı ölkədən hələ də hesab soran yoxdur və bu ədalətsiz mövqeyin bütün dünya ictimaiyyəti də şahididir.

Göründüyü kimi, Avropa Parlamenti öz sənədlərində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad etsə də, bu Məhkəmənin Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarına etinasızlıq göstərilir. Bu qədər etinasızlığa, ədalətsizliyə, ikili standartların tətbiqinə, beynəlxalq hüquq normalarına, qanunun aliliyinə qarşı hörmətsizliyə görəsən səbəb nədir? Görəsən, belə məsuliyyətsiz, ədalətsiz və qanunsuz, öçüsüz-biçisiz qərarlar verənlər heçmi ehtiyatlanmırlar və dünya düzəninin ədalətsizcəsinə pozulmasına görə niyə məsuliyyət hiss etmirlər?

Səlahiyyət sahibləri Avropanın, bütövlükdə dünyanın gələcəyi barədə heç bir marağa, məsuliyyətə sahib deyillər

Müşahidələr təsdiq edir və bir məqama diqqəti cəlb edir ki, bu gün gələcək düzənə təsir edə bilən bütün qərarları vermək səlahiyyətlərinə malik Avropa liderlərinin praktiki olaraq evladları yoxdur. Fransa prezidenti Makron, Almaniya kansleri Angela Merkel, Britaniyanın baş naziri Tereza Mey, Şotlandiyanın, Hollandiyanın, İsveçin baş naziri, Lüksenburq prezidenti, hətta Avropa komissiyasının sədri Jan Klod Yunker evlad sahibi deyillər. Bir sözlə, dünyanın düzəni, gələcək taleyi, Avropa barədə qərarlar vermək iqtidarında olan boyük sayda söz və səlahiyyət sahibləri evlad barədə, gələcək nəsillər barədə düşünməkdən məhrumdurlar. Daha dəqiq desək çoxsaylı səlahiyyət sahibləri Avropanın, bütövlükdə dünyanın gələcəyi barədə heç bir marağa, məsuliyyətə sahib deyillər. Hətta bu yerdə yada salmaq yerinə düşərdi ki, nə Lenin, nə də Hitler evlad sahibi olmayıblar və görünür insanların taleyinin gələcəkdə necə olacağına biganəlikləri də bundan irəli gəlirmiş.
Hansısa insanın ailəsinin, evladının olub-olmaması müzakirə mövzusu deyil, amma bir məsələ diqqəti cəlb etməyə bilməz ki, belə insanlar qərarlar verdikləri zaman, daha doğrusu saymaz, ədalətsiz qərarlar qəbul etdikləri zaman bunun gələcəkdə fəsadları barədə zərrə qədər məsuliyyət hiss etmirlər. Kobud şəkildə ifadə etsək, verdiyi qərarların hansısa fəsadlar törədəcəyi veclərinə də deyil. Çünki, bu yanlış qərarların mənfi, acınacaqlı təsirindən onların evladları və yaxud nəvələri, bir sözlə, törəmələri hansısa bir əziyyət çəkəcəyi qorxusu yoxdur. Belə insanlar yalnız hakimiyyətin təminatı və möhkəmləndirilməsi naminə, mənafeləri üçün qərarlar qəbul edirlər və gələcəkdə bunun mənfi təzahürlərini nəzərə belə almırlar.

Maraqlı bir sual ortaya çıxır, dünya kimlərə etibar edilib və insanlıq kimlərin ümidindədir? Evladların, nəvələrin, ümumiyyətlə gənc və yetişməkdə, törəməkdə olan nəslin taleyini gələcək haqqında heç bir hissi olmayan liderlərə həvalə olunması nə dərəcədə doğrudur? Evladı olan insanlar hər bir əzaba, əziyyətə qatlanmağa, evladlarının gələcək təminatı, qayğısız və problemsiz yaşaması üçün hər bir addımını ölçüb-biçməyə mükəlləf olduqları halda, bundan məhrum insanlara, özü də bütün dünyanın yerinə qərar qəbul etmək səlahiyyətlilərinə gələcək nəsillər necə həvalə oluna bilər?

Təsəvvür edək ki, evladsız səlahiyyətlilər bir araya toplanıb və Avropanın, dünyanın gələcəyi haqqında qərarlar verirlər və bunun acı nəticəsinin nədən ibarət olacağının onları nə dərəcədə maraqlandıracağına kim zəmanət verə bilər? Elə hazırki Avropanın misal olaraq göstərilməsi kifayətdir və heç kimə sirr deyil ki, düzən nə qədər pozulub. Çünki, onların heç zaman gələcəklə bağlı hissləri olmayıb və yalnız öz hisləri maraqlandırır. Yeri gəlmişkən qeyd etmək istərdik ki, görünür elə buna görə də bir zamanlar, daha dəqiq desək törə qanunlarına görə rəhbərlər, qərarvericilər yalnız evlad sahibi olanlar olmalı idi. Əlbəttə bütün bunlar əbəs yerə deyilmiş və səlahiyyətlilərin gələcək barədə öz evladları naminı də olsa məsuliyyət hiss etmələrini göz altına almaq məqsədi güdülürmüş.

Hüquqi prinsplərin qorunduğu dövləti hədəfə alan səlahiyyət sahibləri məsuliyyət deyilən anlayışdan uzaqdırlar

Bir sözlə, indi dünyada baş verən ədalətsizliklər, işğalçını cəzalandırmaq əvəzinə, işğala məruz qalanı sıxışdırmaq əslində bütün bu sadalananların təzahürüdür. Daha dəqiq desək, belə saymaz səlahiyyətlilərdən bundan artığını gözləmək də sadəlövhlükdür. Doğrudur, Avropa müsəlman, Türk dünyasına qarşı ədalətsiz münasibətin müqabilində acı nəticələrlə qarşılaşdı. Təkcə Fransada, ondan əvvəl İspaniyada baş verənlər buna sübut kimi yetərlidir. Amma çətin ki, Avropa səlahiyyətliləri bundan bir nəticə hasil edə, yaxud qorxusunu, məsuliyyətini hiss edələr. Çünki buna maraq belə yoxdur axı. Heç olmayacaq da.

Göründüyü kimi, Avropanı idarə edən, beynəlxalq hüquq haqqında ağızdolusu danışan, hətta yeri gəldi-gəlmədi ittiham irəli sürən, hüquqi prinsplərin qorunduğu dövləti hədəfə alan səlahiyyət sahibləri məsuliyyət deyilən anlayışdan uzaqdırlar. Məhz bu baxımdan hüquq pozucusu Xədicə İsmayılova barədə müvafik hüquqi prosedurlara görə Azərbaycanı hədəfə alması başadüşüləndir və bu onların nə dərəcədə məsuliyyətsizliyindən xəbər verir. Əgər belə olmasaydı belə təşkilatlar, hüquqi instansiyalar bir nəfərə görə yox, ermənilər tərəfindən qətlə yetirilən on minlərlə insana, yurd-yuvasından didərgin salınmış milyondan artıq məcburi köçkünlərə görə çoxdan Ermənistanı cərimələyərdilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə