Prezident: "2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb"

“2018-ci ilin ölkəmiz üçün uğurlu il olub. Dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf edib”. SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirib, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini deyib, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq.

Prezident İlham Əliyev onu da qeyd edib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, 2018-ci ildə üçüncü peykimiz orbitə buraxılıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi işə düşüb, Ələt Beynəlxalq Ticarət Limanı fəaliyyətə başlayıb. 2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlətimizin başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirdi ki, ötən il ümumi daxili məhsul 1,4 faiz artıb: "Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə