Avropalıları “narahat” edən Mehmandır, yoxsa..? ANALİTİK

Və ya “Qoca qitə” zamanında addım atmsa, çox gec və ağır nəticələrlə üz-üzə qalmış olacaq

Mehman Hüseynov məsələsi ətrafında Avropanın bəzi siyasi dairələrinin canfəşanlıq etməsi ard-arda suallar yaratmağa başlayıb. Bu sualların ilki isə budur: əcəba, avropalılar bu “narahatlıqlarında” səmimidirlərmi? Əslində, bu sualın cavabını daha öncəki bənzər məsələlərdən də tapmaq olar. Məsələn, “siyasi məhbus” kimi saxta iddialarda bəlli Qərb təşkilatları daim Azərbaycana qarşı təzyiq göstərməyə cəhdlər ediblər. Ancaq fakt budur ki, heç bir təzyiq, təhdid və s. kimi məsələlər müstəqil siyasət yürüdən Azərbaycan dövlətinə sirayət etməyib, bundan sonra da etməyəcək.

Mehman Hüseynov kimlərin qurbanına çevrilib?

Daha bir məsələ, M.Hüseynovun sözün əsl mənasında aclıq aksiyasi keçirərək, onun bundan zərər görməsini istəyənlərlə bağlıdır. Bu gün Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və sair sözdə müxalifətçilər bar-bar bağıraraq, məhz həmin qərəzli təşkilatlar qarşısında siyasi xal toplamaq və qrantlar əldə etmək məqsədi ilə M.Hüseynov kartından maksimum şəkildə yararlanmağa çalışırlar. Halbuki, artıq bu adamın ümumiyyətlə, heç bir aclıq aksiyası keçirmədiyi haqqında günlərdir ki, sübuta yetirilmiş məlumatlar ictimaiyyətə bəlli edilib. Ədliyyə nazirliyinin penitensiar xidmətindən tutmuş hüquq müdafiəçilərinə və Ombudsman aparatına qədər bütün müvafiq qurum və təşkilatlar, habelə ayrı-ayrı məlumatlı şəxslər M.Hüseynovun heç bir aksiya-filan keçirmədiyini bəyan etdilər. Lakin gördüyümüz budur ki, M.Hüseynov sadəcə və sadəcə, qurban seçilib – bəziləri tərəfindən iddia olunduğu kimi, hakimiyyətin deyil, məhz həmin iddia edənlərin özlərinin qurbanına..!

Ancaq gəlin görək, Avropadakı qəzərli təşkilatlar bu dırnaqrarası kartdan məlum məqsədləri üçün istifadə edərkən, öz daxillərində baş verən qeyri-humanizm olaylarını, insan hüquq və azadlıq normalarının pozulmalarını, irqçilik, ayrıseçkilik reallıqlarını qəbul edirmi? Əsla etmir!

Avropalı “başbilənlərin” bu cür oyunbazlıqları heç bir halda nə dövlətimizə, nə də qanunlarımıza sirayət edə bilməz

“Azərbaycanda demokratik dəyərlər tapdanır”, “söz və ifadə azadlıqları sıxışdırılır” tipli naftalin iyi verən saxta, əttökən bəyanatlar isə necə deyərlər, dalbadal düzülüb yan-yana. Bəli, yenə də ikili standartlar, şər-böhtan və s...

Artıq ötən ilin 17 noyabr tarixindən başlayaraq, hazırkı dövrə qədər davam edən “sarı jiletlilər” etirazlarının dağıdılmasında üzə çıxmış rəsmi rəqəmlər insanlarda dəhşət doğurur. Təkcə, 3 aya yaxın müddətdə bu aksiyalarda 5600 nəfər saxlanılıb, 1000-dən çox insan həbslərə məruz qalıblar. Həbs olunanlar arasında müxtəlif işçi dərnəklərinin, hüquq-müdafiə təşkilatlarının, eləcə də, sosial bloqer və reportyorların da olduğu bir sıra xarici KİV-lər tərəfindən dünya ictimaiyyətinə çatdırılıb. Bütün bunlarla yanaş, kütləvi etirazlar zamanı 10 nəfər həlak olub, 1000-dən çox insan isə yaralanıb. Onlardan bir çoxunun vəziyyəti ağır olaraq qalmaqdadır. Daha 100 nəfərə yaxını isə ömürlük şikəst olaraq, əlillərə çevrilib.

Üstəlik, Fransa hakimiyyəti icazəsiz mitinq və aksiyaların keçirilməsinə görə daha ağır cəzaların verilməsi ilə bağlı qanun qəbul etməyə hazırlaşır. Ancaq buna rəğmən, Fransanın məlum dairələri M.Hüseynov məsələsində Azərbaycanı hədəfə alaraq, “demokratiyaçılıq” etməyə səy göstərir. Əlbəttə ki, boğazdan yuxarı və heç bir hüququ olmadan ölkəmizin daxili işlərinə müdaxilə edərək, özlərini “ağıllı”, “humanist” göstərməyə çalışan avropalı “başbilənlərin” bu cür oyunbazlıqları heç bir halda nə dövlətimizə, nə də qanunlarımıza sirayət edə bilməz.

Əgər bunu edə bilmirlərsə, sosial siyasətin gerçək inkişafı üçün Azərbaycanın həyata keçirdiyi uğurlu layihələrdən müraciət edərək, bəhrələnsinlər

Yaxşı olardı ki, onlar gedib öz artan, hətta daha ağıra doğru inkişaf edən daxili siyasi-iqtisadi böhranlarının dərdini çəksinlər. Misal üçün, pensiyaçılarının təqaüdlərini artırsınlar, energi tariflərini günbəgün qaldırmasınlar və s. Əgər bunu edə bilmirlərsə, sosial siyasətin gerçək inkişafı üçün Azərbaycanın həyata keçirdiyi uğurlu layihələrdən müraciət edərək, bəhrələnsinlər.

Yaxud biz, 2017-ci ildə İspaniyada kataloniyalıların etirazlarına qarşı ispan polisinin hakimiyyətin göstərişinə əsasən amansızlıq göstərməsini də xatırlaya bilərik. Bu hadisələrdə də ölənlər, yaralananlar, əlil qalanlar, həbsə atılanlar, bu gün də həbsə olanlar var. Nəyə görə, Azərbaycanı aclıq aksiyası keçirmədiyi ifşa olunmuş M.Hüseynova görə hədəfə alan Avropa qurumları bir dəfə də olsa həmin hadisələrə azca da olsa, barmaq yelləmədilər? Yoxsa Azərbaycanı zəifmi bilirlər? Əgər belədirsə, kökündən yanılırlar. Əksinə, Azərbaycan istər regionda, istərsə də Avropada öz inkişafı, gücü və qüdrəti ilə çoxlarında qibtə hissləri oyatmaqdadır.

“PEGİDA”-nın 2015-ci ildə “Praqa Deklarasiyası” adlı üz qarası

Söz yox ki, 2011-ci ildə Böyük Britaniyada baş verən hadisələr və sosial şəbəkələrə qoyulan qadağalar, ABŞ-da “Çikaqonu zəbt et” şüarının sonradan digər ştatlara da sıçraması, nəticədə on minlərlə insanın həbslərə atılması, mətbuata göstərilən təzyiqlər yuxarıda qeyd edilənlərin tərkib hissəsi olaraq vurğulana bilər.

İndi, M.Hüseynov məsələsi və bu məsələdən maddi və s. dividentlər əldə etməyə çalışanların boş hay-küyləri birdən-birə avropalıları “narahat” edirmiş...

Amma onlar hər nədənsə, “Müsəlmanlar Avropadan rədd olsun”, “Avropa İslama yox deyir”, “Miqrant siyasətinə yenidən baxılsın!” tipli irqçi, ksenofob şüarlar səsləndirən radikal çağırışları görməzlikdən, eşitməzlikdən gəlirlər. Cəmi 3 il qabaq - 2015-ci ildə “PEGİDA”-nın (Qərbin İslamlaşmasına Qarşı Vətənsevər Avropalılar) Çexiyanın paytaxtı Praqada keçirdiyi toplantıda Yaxın Şərqdən və Afrika çöllərindən Avropaya axın edən müsəlman miqrantlara qarşı hücum qərarının verilməsindən sonra dəhşətli günlər başlandı. “Praqa Deklarasiyası” adlanan və avropalıların üz qarası hesab edilən sənədi qəbul edənlər məhz onda “Avropanın İslamlaşdırılmasına qarşı savaşmaq hamımızın ortaq məqsədidir” deyə bəyan etdilər, bunun üçün hətta layihə qrantları üzərində fəaliyyətə başladılar. Beləliklə, bu məsələ radikal millətçilərdən rəsmi şəxslərə qədər inkişaf elədi.

Avropada “vicdan azadlığı”nın səviyyəsi – miqrant düşərgələrinə və məscidlərə hücum...

Məsələn, Belçikanın miqrantlarla iş üzrə naziri Theo Françenin hitlersayağı, faşizm ideologiyası kontekstindəki ifadəsini xatırlayaq: “Miqrantları dənizə tökün, qanunları tapdalayın. Boğulub, boğulmayacaqları məni maraqlandırmır”.

Daha bir fakta nəzər salaq. Belə ki, miqrant düşərgələrinə edilən hücumların sayı isə hər gün artmaqdadır. Almaniya təhlükəsizlik xidmətlərinin verdiyi məlumatlara görə, bu ölkədəki düşərgələrə 2014-cü ildən indiyə qədər 3 mindən artıq hücum edilib. Düşərgələrlə yanaşı, məscidlərə də hücumlar olunur. Hücum edənlər məscidləri murdarlayır və ora donuz tullantıları atırlar. Bu, Avropada “vicdan azadlığı”nın səviyyəsini göstərir. Almaniyanın federal kriminal xidmətinin prezidenti Holqer Myunx “Tagesspiegel” nəşrinə müsahibəsində bildirib ki, 1998-ci ildən 2011-ci ilə qədər Almaniyanın hər yerində miqrantları öldürən radikal sağçıların “zirzəmilərdən çıxması” riski artır. Müsəlmanlara edilən hücumların arxasında nasistlərin olması faktı da bunu deməyə əsas verir.
Beləliklə, Azərbaycanda hər hansı kiçik bir hadisəni, elə götürək M.Hüseynov məsələsini bəlli maraqlarından doğan qərəzləri ilə siyasiləşdirən avropalılar bir az da belə davam etsələr, öz daxillərinə baş alıb gedən pozuntuların qarşısını ümumiyyətlə ala bilmək gücündə olmayacaq. Ona görə də çox yaxşı olardı ki, avropalı başbilənlər və onların Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, həmçinin BMT-nin əlaqədar qurumları nə qədər gec deyilsə, elə Avropada demokratiyanın, insan hüquq və azadlıqlarının pozulmasının qarşısını alsınlar. Yoxsa həm gec, həm də ağır nətcələrlə üz-üzə qalmış olacaqlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə