"Azərbaycana qarşı ikili standartlar bariz şəkildə görünür" ŞƏRH-ÖZƏL

“Çox təəssüf ki, beynəlxalq aləmdə ikili standartlar mövcuddur və bu özünü bir çox sahələrdə göstərir. Bir qayda olaraq ikili standartlar müstəqil siyasət yeridən, təbii sərvətlərinə özü nəzarət edən və dünya ilə bərabər hüquqlu səviyyədə danışmağa çalışan ölkələrə qarşı həyata keçirilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Avropa paytaxtlarının hər hansı birində terror hadisəsi olduqda dünyanın aparıcı ölkələri və rəhbərləri hətta birlikdə həmrəylik nümayişi göstərsələr də, amma Türkiyədə baş verən terror hadisəsi heç Avropanın mətbuatında belə işıqlandırılmır:

“Nədənsə Avropa ölkələrinin həmrəylik nümayişini türk dövlətlərinə qarşı görə bilmirik. Eyni münasibət Asiyanın, Afrikanın müstəqil siyasət yürüdən ölkələrinə qarşı da edilir. Azərbaycana qarşı isə bu bariz şəkildə görünür. Ölkəmizdə süni sürətdə problem yaratmağa, həmin problemi gündəmdə saxlamağa və Azərbaycan daxilində 5-ci kolon nümayəndələrini fəallaşdıraraq bunun əsas məsələ olduğunu dünya ictimaiyyətini inandırmağa çalışırlar”.

A. Mirzəzadə söyləyib ki, Azərbaycan qarşı qərəzli mövqe nümayiş etdirən beynəlxalq təşkilatların fəaliyyəti uğursuz alınır: “Çünki, bu cür siyasətin heç də reallığa uyğun olmadığına dair ayrı-ayrı ölkələrin ictimaiyyəti kifayət qədər məlumatlıdır. Azərbaycanda bir nəfər məhbusla bağlı məsələni az qala Suriya, İraq, Afrika ölkələrində aclıq, Fransada əhalinin siyasi sistemindən narazılıq məsələlərindən üstün tutmağa çalışırlar. Lakin araşdırdıqda isə həmin məsələnin mövcud olmadığı sübut olunsa da, Mehman Hüseynovun boynuna zorla aclıq aksiyası keçirdiyi qoyulmağa çalışılır”.

Deputat hesab edir ki, əslində bu, müstəqil siyasət yeridən ölkələrin növbəti dəfə sınağa çəkilməsidir: “Bu, onları xaricdən müəyyən dairələrin təsirləri altında olmağa məcbur etmək cəhdidir. Söhbət məhbusdan və ya Azərbaycan daxilində hansısa problemdən getmir. Söhbət ölkəmizin müstəqil neft siyasətindən imtina etməyə, bu bölgədə xaricdəki dairələrin maraqlarını həyata keçirməyə, Azərbaycan və hakimiyyət formalaşdırılmasının onların istəyi ilə həyata keçirmək cəhdindən gedir ki, buna dəfələrlə əl atsalar da bu reallaşmayıb. Son dövrlərdə edilən cəhdində heç bir perspektivi yoxdur. Çünki, Azərbaycan xalqı müstəqilliyini ona görə qazanmayıb ki, sonradan kiməsə qurban versin. Azərbaycan xalqı özünün dəyərli oğlu Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli maraqları, müstəqilliyi uğrunda mübarizəsini hər zaman dəstəkləyir və bu siyasəti davam etdirən Prezident İlham Əliyevin siyasətini bundan sonra da dəstəkləyəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə