““Siyasi mühcir”ləri maliyyələşdirənlər elə onların tayıdır” AÇIQLAMA
“Siyasi proseslərdə heç vaxt təhqirə yol vermək olmaz”. Bunu SİA-ya açıqlamasında “Təkamül” partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, hər hansı bir şəxsin, fəaliyyətindən narazısansa onun özünün fəaliyyətini arqumentlərlə tənqid elə: “Yəni bu məsələlərə ailə məsələlərini qatmaq, təhqir etmək olmaz. Avropadakı “siyasi mühcir”lərin bu cür yersiz hərəkətlərini qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, qarayaxmalara yol verənlərin özləri bu haqda bir düşünsünlər. Yəni hesab etsinlər ki, onların yerində özləridir, bu cür qarayaxmalar, böhtanlar, təhqirlər, ailə üzvlərinə bu cür münasibət özlərinə olsa necə olar. Digər tərəfdən də mübarizənin başqa yolunu tapmırlar. Amma heç vaxt onlar öz istəklərinə nail olmayacaqlar. Təbii ki, xaricdə oturub öz ölkəsi və dövləti haqqında bu cür xoşagəlməz ifadələr səsləndirənlər cəzasız qala bilməz. Bununla bağlı hüquq-mühafizə orqanları tədbirlər görməlidirlər. Digər tərəfdən də bunlar xaricdə nə ilə məşğuldurlar? Hansı maliyyə hesabına özlərinin fəaliyyətini davam etdirirlər? El arasında belə bir misal var deyir pulu kim verirsə musiqini də o sifariş etdirir. Yəni “siyasi mühcir”ləri maliyyələşdirənlər elə onların taylarıdır ki, onları maliyyələşdirib və bu cür ifadələri işlətməyə təhrik edirlər. Əgər adları çəkilən şəxslər bu cür ifadələr işlətməsələr maliyyələri kəsiləcəkdir. Bir sözlə, şər-böhtan yolu ilə, bu cür alçaq hərəkətlər yolu ilə pul qazanıb yaşamaqdandısa ölüb o dünyaya köçsən daha yaxşıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə