“Ermənistanda növbəti şou başa çatdı” ÖZƏL-RƏY

“Ümumiyyətlə Ermənistanda 2018-ci ilin aprel ayından başlayan proseslər növbəti siyasi şou ilə sona çatdı. Əslində Paşinyanın dekabr ayında yeni bir seçki şousu təşkil etməsi və bunu dünyaya demokratiya kimi təqdim etməsi cəhdləri də baş tutmadı. Ermənistan Mərkəzi Seçki Komissiyasının yaydığı rəsmi məlumata görə, bütövlükdə bu prosesdə Ermənistan əhalisinin cəmi 29 faizi iştirak etdi”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, bu əslində Ermənistan seçicilərinin küçə siyasətinə passiv etirazı kimi qiymətləndirilə bilər: “Heç şübhəsiz ki, Ermənistan daxili siyasətdə olduğu kimi xarici siyasətində də böhran yaşamaqdadır. Bu dövlət Cənubi Qafqazın bir parçasıdır və tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu dövlətin mayası çar Rusiyası tərəfindən tutulub. Ona görə də bu vaxta qədər Ermənistanın tarixinə diqqət yetirsək görərik ki, onun tarixi Cənubi Qafqazda heç də qədim deyil. 200 illik müddətdə daima çar Rusiyası və ondan sonra da çar Rusiyasının varisi kimi çıxış edən rus dövlətçiliyi ənənəvi olaraq Ermənistanı himayə edib. Hazırda isə Azərbaycanın Ermənistanın ənənəvi müttəffiqləri ilə yaratdığı münasibətlər və Azərbaycan tərəfinin həmin ölkələr tərəfindən marağının nəzərə alınması Ermənistanı günü-gündən pis vəziyyətə salır. Belə olan halda heç şübhəsiz ki, Ermənistan yeni axtarışlar etməyə (bəzən Qərbə meyillənməyə, bəzən isə başqa tərəfdaşlar axtarmağa) cəhd edir. Təbii ki, bunların hamısı uğursuzluğa düçar olur.

Son dövrlərdə Paşinyan tərəfindən həyata keçirilən siyasət də birbaşa Rusiya əleyhinədir. Çünki Rusiya Federasiyasının ən yüksək çinli məmurlarını və yaxud siyasi liderlərini təhqir edən, onlar haqqında xoş olmayan ifadələr işlədən şəxslər Paşinyanın kabinetində vəzifələr almağa başlayırlar. Belə olan halda əlbəttə ki, Rusiya-Ermənistan münasibətləri kəskinləşəcəkdir. Amma məsələ ondadır ki, KTMT-də də bu ölkənin mövqeyi kifayət qədər zəifləyib. Bu yenə Azərbaycanın həyata keçirdiyi siyasətlə bağlıdır. Baxmayaraq ki, Azərbaycan o regional təşkilatın üzvü deyil amma ora üzv olan ölkələrlə Azərbaycanın münasibəti o səviyyədədir ki, ölkəmizin maraqları etibarlı strateji tərəfdaş kimi nəzərə alınır. Ermənistan işğal faktına son qoymyana qədər Azərbyacan daima onu güncə sıxışdıraraq regionda baş verən bütün siyasi - iqtisadi proseslərin autayderi vəziyyətinə salacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə