"Regional şərait bizim üçün əlverişlidir" ÖZƏL-RƏY

“Ermənistanda hakimiyyətə “Qarabağ klanı”nın yerinə Nikol Paşinyan gəlib. Belə baxanda Paşinyanın Azərbaycan torpaqlarının işğalında əli yoxdur. Yəni məntiqlə bu şəxslə danışıqlar aparmaq olar və lazımdır. Ancaq əgər onun Qarabağla bağlı mövqeyi eks-prezidentlər Robert Köçəryanın və Serj Sərkisyanın mövqeyindən fərqlənməzsə, onunla güc dili ilə danışmaq məcburiyyətində qalacağıq. Hələ ki Paşinyan barışa ümid verən heç bir açıqlama vermir, addım atmır. Tam əksinə, işğalın davam edəcəyini bildirir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Əslində Ermənistanda hakimiyyətdə kimin olması bizim üçün o mənada maraq kəsb edir ki, həmin şəxs torpaqlarımızı boşaldacaq, ya yox? Son bir neçə aydır cəbhə bölgəsində nisbi sakitlikdir, atəşkəsin pozulması halları minimuma enib. Bu, rəsmi Bakının Nikol Paşinyana verdiyi bir şans idi ki, parlament seçkisini rahat keçirib, “Qarabağ klanı”nı həm hakimiyyətdən, həm də parlamentdən uzaqlaşdırsın. Paşinyan buna nail oldu. Paşinyan qısa müddətdə hökuməti formalaşdıracaq. Ona görə də növbəti ilin birinci rübündə Paşinyan Qarabağ münaqişəsinin həlli istiqamətində addım atmalıdır. Atmasa biz tədbirlərimizi görməliyik, cəbhə bölgəsində düşmənin problemlərini artırmalıyıq. Fikrimcə, rəsmi Bakının İrəvana ultimatum verməyinin vaxtı çatıb. Regional şərait də bizim üçün əlverişlidir. Ultimatumun mətni belə olmalıdır: yaxın 3 ayda Dağlıq Qarabağ ətrafında torpaqların boşaldılması istiqamətində addım atmasan, ağır nəticələrlə üzləşməli olacaqsan. 1990-cı illərin əvvəllərində İraq Küveyti işğal edəndə Vaşinqton Səddam Hüseynə Küveyti boşaltmaq üçün vaxt verdi. Vaxt bitdikdə ABŞ ”səhrada fırtına" əməliyyatına başladı. Bu təcrübədən faydalanmaq lazımdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə