"2019-cu ildə də səylər Dağlıq Qarabağ probleminin həllinə yönəldiləcək" AÇIQLAMA-ÖZƏL

“Ermənistanda baş verənlərə nəzər saldıqda, növbəti ildən Dağlıq Qarabağla bağlı müsbət mənada nəsə söyləmək çox çətindir. Amma Azərbaycan tərəfi buna çalışır və problemin həlli istiqamətində əlindən gələni edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov söyləyib.

Azərbaycan Prezidentinin ilin idman yekunları ilə bağlı tədbirdəki çıxışını xatırladan politoloq söyləyib ki, tədbir zamanı ölkə başçısı bir daha vurğuladı ki, biz yaranan hər bir ümidverici vəziyyətdən istifadə etməliyik: “Ümumiyyətlə, Ermənistanın yeni rəhbərliyi başa düşməlidir ki, onların torpaqlarımızı işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur. Əgər onlar Ermənistanı pis vəziyyətdən çıxarmaq istəyirsə, o zaman işğalçılıq siyasətinə son qoymalıdırlar. Bunu artıq Ermənistanda da etiraf edirlər”.

F. Sadıqov qeyd edib ki, Ermənistanı ağır vəziyyətdən çıxarmaq üçün böyük səylər lazımdır: “Bu kontekstdə Rusiya çox önəmli rol oynayır. Ermənistanın Rusiyaya yaxın və müttəfiq dövlət olduğu heç kimə sirr deyil. Oda bir reallıqdır ki, hazırkı vəziyyətdə Ermənistan tərəfindən atılan addımlar Rusiyanı qane etmir. Bu məsələ müxtəlif təbəqələrdə dilə gətirilir. Hətta rəsmi İrəvan tərəfindən qeyri-adi, ziddiyyətli bəyanatlar da səslənir. Bu kontekstdən Azərbaycan tərəfi 2019-cu ildə də əlindən gələni edərək, səylərini Dağlıq Qarabağ probleminin həllinə yönəldəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə