YAP-ın Qaradağ rayon təşkilatının gəncləri hərbi hissədə olublar FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatı Gənclər Birliyi və rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Dəniz Nəqliyyatı, Gəmiqayırma, Liman işləri üzrə Bakı Dövlət Peşə mərkəzinin şagirdləri və rayonun çağrış yaşlı gənclərinin iştirakı ilə Hərbi Dəniz Donanmanın “N” saylı hərbi hissəsində tədbir keçrilib. SİA-nın verdiyi məlumata görə, görüş iştirakçıları hərbi hissədə hərbiçilərin məişət şəraiti, hərbi texnika ilə tanış olublar.

Sonra Hərbi hissənin konfran zalında hərbiçilərlə görüş keçrilib.

YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov çıxış edərək tədbirin keçirilməsinə dəstək verdikləri üçün "N" saylı hərbi hissənin rəhbərliyinə təşəkkürünü bildirib. R.Yusubov qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir: "Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. 2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı təsdiq edildi. Bu proqram dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Dövlət Proqramının əsas məqsədi isə respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etməkdir. Bir sözlə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun aktuallığı bir daha aydın təsbit olunur".

Qaradağ Rayon Gənclər və idman idarəsinin rəisi Elcin Abbasov çıxış edərək bildirib ki, hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir: "Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Hər zaman adlarını fəxrlə çəkdiyimiz Mübariz, Fərid, Murad, Samid, Ruhin, Elnur, aprel döyüşlərinin onlarla qəhrəmanı bu gün Azərbaycanımızda yüzlərlə, minlərlədir".

Daha sonra Dəniz Nəqliyyatı, Gəmiqayırma, Liman işləri üzrə Bakı Dövlət Peşə mərkəzinin rəhbəri Şakir Hüseynov çıxış edərək qeyd edib ki, Azərbaycan gəncliyi kifayət qədər vətənpərvərdir: "Biz bunun ən yaxşı nümunəsini ötən ilin aprel döyüşlərində gördük. Azərbaycan gəncləri bir yumruq kimi Ali Baş Komandanın əmri ilə birləşməyə və düşməni məhv etməyə hazır olduqlarını ən yüksək səviyyədə göstərdilər. Biz müharibə şəraitində yaşayırıq. Buna görə daim döyüş ruhumuz, vətənə bağlılığımız, tariximizə dəyər verməyimiz ən yüksək səviyyədə olmalıdır. Təbii ki, gəncliyimizin belə vətənpərvər ruhda yetişməsinin ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti ilə birbaşa bağlılığı var".

Tədbirdə digər gənclər də çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə