"Prezident tərəfindən şəhid ailələrinə daim diqqət göstərilir" MÖVQE-ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik yardımın verilməsi dövlət başçılarının bu kateqoriyadan olan insanlara, bütövlükdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara qayğısının əyani nümunəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

O bildirib ki, Azərbaycan Prezidenti növbəti dəfə dövlət başçısı seçildikdən sonra ilk fərmanı məhz şəhid olmuş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub: “Bu fərmanın nəticəsində artıq 10 min nəfər yaxın şəhid vərəsəsinin hüquqi təsdiq olunub, onların sənədləri şəffaf şəkildə araşdırılıb və vərəsələrə ödəmələrin verilməsinə başlanılıb”.

Prezidentin fondundan birdəfəlik yardım üçün 58 milyon manat pul ayrıldığını deyən M.Quliyev söyləyib ki, növbəti ildə daha 50 milyon vəsaitin ayrılması nəzərdə tutulub.

Deputat bildirib ki, əvvəllər bu müavinəti almayan şəxslərin hamısının ailəsi birdəfəlik yardımdan yararlanacaq.

Azərbaycan Prezidenti tərəfindən şəhid ailələrinə daim diqqətin göstərildiyini deyən M. Quliyev vurğulayıb ki, buna misal olaraq bir neçə gün bundan öncə Sabunçu rayonunda 700-ə yaxın hərbi qulluqçuya tam təmir olunan mənzillərin verilməsini göstərmək olar: “Şəhid ailələrinə dövlət hesabına tikilən mənzillərin verilməsi, torpaq sahəsinin ayrılması, onların məşğulluq təminatı, sosial müdafiəsi, övladlarının ali təhsil vəsaitlərinin dövlət hesabına ödənməsi cənab Prezidentin Azərbaycan vətəndaşlarına, ölkəmizdə bu kateqoriyadan olan insanlara qayğısının ifadəsidir. Bu insanlar cəmiyyətin ən hörmət qoyduğu insanlardır ki, bu hörmətin də nümunəsini cənab Prezidentin atdığı addımlardan da görürük”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə