Dövlət Komitəsi tərəfindən sərgi keçirilib TƏDBİR-YENİLƏNİB-VİDEO-FOTOLAR

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitab, kitabça və digər məlumat materialları hazırlanaraq çap edilir. SİA-nın verdiyi məlumata görə, bu nəşrlərin daha geniş kütləyə təqdim edilməsi məqsədilə bu gün Dövlət Komitəsi tərəfindən sərgi keçirilib.

Sərgidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların, dini icmaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm adamları, eləcə də digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgini açıq elan edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib ki, 2018-ci ildə Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib: “Bunun əsas səbəbləri həmin kitablarda Azərbaycandakı multikultural dəyərlərə zidd olan fikirlərin yer alması və müəyyən məqsədlərlə bağlı çap edilməsi olub. Ölkəyə idxal edilən dini ədəbiyyatların sayında müəyyən qədər məhdudiyyətlər tətbiq olunub. Həmin kitablar milli-mənəvi dəyərlərimizin əleyhinə olub, düşmənçilik yayır. Onların sayı təxminən 800-ə yaxındır”.

Sonda müzakirələr aparılıb və suallar cavablandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə