"Ermənistanda seçkilər Qarabağ məsələsinin anti-reytinqə malik olduğunu üzə çıxartdı"

"Dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkiləri uzun müddət təhlil obyekti olaraq qalacaq. Hazırda bu seçkilərdə ən çox müzakirə olunan məsələ xalqın seçkidə iştirak etməməsidir. Demokratiyanın ən sadə əlifbası 50%+1-dir. Bu seçkilərdə 48,63% əhali iştirak etdi. Gələcəkdə təhlilçilər Dağlıq Qarabağ tənzimlənməsinə münasibəti axtaracaqlar və bu münasibətlər artıq bəllidir: Erməni xalqı üçün Dağlıq Qarabağ mövzusu nəinki birinci yerdə deyil, hətta Dağlıq Qarabağ mövzusu anti-reytinqə malikdir". SİA-nın xəbərinə görə, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən "Qarabağ saatı"nda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, başqa sözlə, Dağlıq Qarabağ məsələsi erməni xalqını bezdirib və erməni xalqının təhtəlşüuru Dağlıq Qarabağ probleminin rədd olunması istiqamətindədir:" Anti-reytinq isə göstərir ki, ermənilər Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirlər".

M.Əhmədoğlu söyləyib ki, Dağlıq Qarabağ məsələsinin anti-reytinqə malik olduğuna dair bir neçə arqument gətirmək olar: Amma 2 tutarlı arqument digər arqumentləri ortalığa gətirməyə ehtiyac qoymur:

Birincisi, Ermənistandakı seçkidə ən çox səs toplayan Sasun Mikaelyan oldu. N.Paşinyanın "Mənim addımım" blokunda 7-ci yerdə olan S.Mikaelyan 31 min 739 səs topladı və bununla da o Ermənistanda ən çox səs toplayan adamdır. S.Mikaelyan Ermənistanda tanınmış və populyar adamdır. Qarabağda qan tökmüşlərdən biridir, müəyyən bir imkanları var. N.Paşinyanın "məxməri inqilabında" yaxından iştirak edib. Amma S.Mikaelyanı məşhurlaşdıran onun son bəyanatı oldu. S.Mikaelyana görə erməni xalqı üçün Dağlıq Qarabağda apardığı "azadlıq müharibəsindən" daha vacib Paşinyanın "məxməri inqilabı"dır. Onun bu fikri Ermənistanın ictimai-siyasi mühitində ciddi müzakirə olundu və Dağlıq Qarabağda ciddi narazılıq yaratdı. Amma buna baxmayaraq ən çox səsi də məhz S.Mikaelyan qazandı. Sasun Mikaelyanın Dağlıq Qarabağı aşağılaması olmasaydı, "məxməri inqilabı" üstün tutmasaydı S.Mikaelyan bu qədər səs toplaya bilməzdi. Fikrimizi əsaslandırmaq üçün deyək ki, N.Paşinyanın "Mənim addımım" blokunda birinci onluqda hətta Paşinyan familiyalı başqa bir şəxs də var - Sipan Paşinyan. Bu Nikol Paşinyanın qardaşı oğludur. Onun topladığı səsin miqdarı 17155-dir. Sasun Mikaelyanın səsinin çoxluğunu xarakterizə etmək üçün əlavə başqa rəqəmi deyə bilərik ki, baş nazirin birinci müavini və siyahıda partiyasının adı birinci olan Ararat Mirzoyanın topladığı səsin miqdarı 25 min 550-dir. Yəni fərq hər halda aşkar şəkildə hiss olunur və bu fərqi yaradan S.Mikaelyanın Dağlıq Qarabağ mövzusunu aşağılaması, "məxməri inqilab" mövzusunu şişirtməsidir. "Məxməri inqilab" mövzusunu şişirtməsindən daha çox Dağlıq Qarabağ mövzusunu alçaltması öz işini görüb".

İkinci arqumentə gəlincə politoloq qeyd edib ki, "Sasna tsrer" çilərin fikrincə, onların az səs toplamasının səbəbi Qarabağ məsələsində radikal mövqelərdə dayanması oldu: "Bunu "Sasna tsrer"in müharibə qanadı təmsilçiləri bildirdilər. Amma siyasi mühit üçün daha dəyərlisi odur ki, bunu "Sasna tsrer"in seçki siyahısında yer almış analitik düşüncəli Stepan Qriqoryan bildirdi. Özünü ümumerməni partiyası adlandıran "Sasna tsrer" 22min 862 səs topladı. Başqa sözlə S.Mikaelyanın təkbaşına topladığı səsdən 1,5 dəfə az. Bu 2 arqument Ermənistan cəmiyyətinin mövqeyini göstərir və 9 dekabr seçkilərinə Dağlıq Qarabağ mövzusunda referendum kimi yanaşmaq olar. Nikol Paşinyanın bu fikri inkar etməsi heç kəsə yox, onun özünə zərbə vuracaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə