Paşinyan Sarkisyanın kadrını özünə məsləhətçi-müşavir götürüb

2016-cı ilin Aprel müharibəsində böyük itkilərin verilməsində əsas günahkarlardan sayılan Arşak Karapetyanın bu təyinatı erməni ictimai-siyasi rəyində hiddət doğurub

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın özünə məsləhətçi-müşavir olaraq, baş qərargahın kəşfiyyat idarəsinin sabiq rəisi, general-mayor Arşak Karapetyanı seçməsi erməni siyasi-ictimai rəyində və mətbuatda etirazlı rezonans yaradıb. Belə ki, 2016-cı ilin aprel müharibəsində böyük itkilərin verilməsində əsas günahkar kimi, məhz A.Karapetyan göstərilir. SİA Ermənistan mediasına istinadən xəbər verir ki, məhz 2016-cı ilin aprelində Qarabağ cəbhəsində uğradıqları məğlubiyyətdən sonra A.Karapetyanla yanaşı, müdafiə nazirinin müavini, marerial-texniki təchizat departamentinin rəisi Alik Mirzabekyan və rabitə rəisi, general-mayor Komitas Muradyan tutduqları vəzifələrdən azad olunmuşdular.

Arşak Karapetyan və onun rəhbərlik etdiyi idarə 2016-cı ildə ciddi məsuliyyətsizliyə yol verərək, kəşfiyyat işini düzgün qurmayıb

Hələ 2016-cı ilin aprelində Ermənistan parlamentinin müdafiə, milli təhlikəsizlik və daxili işlər üzrə daimi komissiyasının rəhbəri Koryun Naqapetyan jurnalistlərə bəyan etmişdi ki, müdafiə nazirliyinin yüksək rütbəli məmurlarının istefaya göndərilmələri onların məsuliyyətsizliklərinin nəticəsidir. Erməni deputat həmçinin qeyd etmişdi ki, müharibə yeni problemləri üzə çıxardı ki, onlara operativ şəkildə reaksiya göstərmək lazımdır. Beləliklə, Ermənistanın ictimai dairələrində hələ də əmindirlər ki, Arşak Karapetyan və onun rəhbərlik etdiyi idarə 2016-cı ildə ciddi məsuliyyətsizliyə yol verərək, kəşfiyyat işini düzgün qurmayıb və s.

Hetq.am-ın redaktoru Edik Baqqdasaryan: “Belə şeylərə görə, adam ağlını da itirər”

Belə ki, “Hetq.am” nəşrinin redaktoru, araşdırmaçı-jurnalist Edik Baqdasaryan Facebook səhifəsində yazıb ki, A.Karapetyan 2016-cı ildə baş vermiş qısamüddətli müharibədə böyük itkilərin səbəbkarı olaraq, ən böyük məsuliyyəti daşıyıcısıdır. “O, mütləq cəzalandırılmalıydı, ancaq onu sadəcə vəzifəsindən azad etdilər. Azərbaycanın Silahlı Qüvvələri müxtəlif istiqamətlərdən hücumlarını həyata keçirərkən, heç bir kəşfiyyat işi aparılmamışdı. İndi o, yenə də at üstündədir. Belə şeylərə görə, adam ağlını da itirər”, deyə erməni jurnalist Nikol Paşinyanın kadr təyinatını tənqid edərkən yazıb.

Ekspert Samvel Martirosyan: “Erməni kəşfiyyatı Azərbaycanın İsrail istehsalı olan dron-kamikadzelərinə sahib olması barədə məlumatları əldə edə bilməyib”

Bu arada, daha bir erməni ictimaiyyətçi – informasiya təhlükəsizliyi məsələləri üzrə ekspert Samvel Martirosyan sosial şəbəkə vasitəsi ilə yazıb ki, 2016-cı ildə erməni kəşfiyyatı Azərbaycanın İsrail istehsalı olan dron-kamikadzelərinə sahib olması barədə məlumatları əldə edə bilməyib. “Nəticədə bizim hərbçilər dronların onlara qarşı istifadə edilə biləcəyindən xəbərdar olmayıblar ki, bu da bizim tərəfimizdən ciddi itkilərə səbəb olub”, deyə erməni eksperti bildirib: “Halbuki, həmin ərəfələrdə mətbuatın yazdıqlarından da bəlli olub ki, bir neçə ay öncə İsrail bu silahı iki ölkəyə satıb. Əgər nəzərə alarsaq ki, İsrailin zərbə dronlarını satdığı ölkələrin siyahısı elə də böyük deyil, bu zaman hətta kəşfiyyat rəisi olmadan belə, müəyyən nəticələrə gəlmək mümkün idi”.

Qeyd edək ki, 2018-ci ilin fevralında Arşak Karapetyan Ermənistanın Rusiyadakı hərbi attaşesi vəzifəsinə təyin olunmuşdu. Dekabrın 18-də isə o, baş nazirin məsləhətçi-müşaviri vəzifəsinə irəli çəkilib. Bu təyinatı Paşinyanın mətbuat katibi Arman Yeqoyan da təsdiqləyib.

Beləliklə, bu kimi təyinatın erməni ictimai rəyində birmənalı qarşılanmadığı göz önündədir və ələlxüsus, Paşinyanın köhnə sistemdən olan və fəaliyyətlərində heç bir uğur qazana bilməyən insanları ətrafına cəlb etməsi, yəni Serj Sarkisyanın dövründə yüksək vəzifələrdə olanları yenidən müəyyən postlara irəli çəkməsi növbəti etirazların uaranmasına səbəb olacaq. Ən azından, artıq medianın bu məsələyə etirazlı münasibət nümayiş etdirməsi öz sözünü deməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə