İşğal faktının erməni mətbuatında müzakirəsi işğalın etirafıdır TƏHLİL
Erməni mətbuatı hadisələrə don geyindirməkdə davam edir və təhrif olunmuş, əslində isə dezinformasiyadan ibarət məlumatlarla kütləni həm çaşdırmağa çalışırlar, həm də sakitləşdirməyə. Nəzərə alsaq ki, qlobal miqyasda Azərbaycanın uğurları, diplomatik qələbələri artmaqdadır və biri-birini əvəz edir, onların bu təhrif etmə atrategiyasını başa düşmək çətin deyil və əslində, bu variantdan başqa özlərinə çarə tapa bilmədikləri göz qabağındadır.
Ermənistana məxsus aysor.am saytı "Ermənistanın Səsi" qəzetinə istinadən erməni xislətinə müvafiq şəkildə növbəti təhriflərdən istifadə edir və Strasburqda Avropa Parlamentinin xarici və təhlükəsizlik siyasəti ilə bağlı qəbul edilən qərarın Avropa İttifaqının əsas xarici siyasət prinsiplərini və qaydalarını müəyyənləşdirməklə bağlı olduğunu iddia edir. Hətta, bura Sovet İttifaqı ərazisində dondurulmuş münaqişələrə yanaşmanın daxil olduğunu da qeyd edirsə də bunun Azərbaycanla heç bir əlaqəsinin olmadığını qeyd etməkdən də çəkinmir. Əsasən, Rusiyanın hədəf olduğunu iddia edən erməni mətbuatı Azərbaycanın diqqət mərkəzində olmadığını sübut etməyə cəhd edir.
Təhrif olunmuş təbliğat və təşviqat işğalçılıq siyasəti yürüdən çarəsizlərin son variantıdır
Avropa Parlamentinin ancaq Krımın qanunsuz birləşməsini və Şərqi Ukraynanın hərbi işğalını qınadığını, Gürcüstanın işğal olunmuş əraziləri - Abxaziya və Tskhinvali bölgəsini nəzərdə tutduğunu iddia edən erməni mətbuatı, Dağlıq Qarabağ münaqişəsinin bir daha qeyd olunmaması barədə fikir formalaşdırmağa çalışır. Belə bir fikir formalaşdırmağa çalışmaqla nəyə nail olmaq istədikləri də müəmmalı deyil və bu erməni strategiyasının, erməni xislətinin əvvəldən də əsasını təşkil edir. İndi heç kim üçün sirr deyil ki, ermənilərin təbliğat silahından başqa heç nəyi qalmayıb və yalnız bu şəkildə təhrif olunmuş təbliğat və təşviqat işğalçılıq siyasəti yürüdən çarəsizlərin son variantıdır.
Xalqların öz müqəddəratını təyin etmək hüququnun istifadəsi məsələsinin yenə ermənilər tərəfindən ortaya atılması və bundan istifadə etməyə çalışmaları da çarəsizliklərini təsdiq edir. Məsələ burasındadır ki, bunu də istifadə etmək üçün ortaya atanlar dərk etməlidirlər ki, şüvən qoparmaqla işğal faktını danmaq mümkün deyil. Eyni zamanda xalqların öz müqəddəratını təyin etmək hüququ kimi istifadə etmək istədikləri bir vasitəyə əl atmaqla Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təkzib etmək olmaz. Bir halda ki, həmin torpaqlar Azərbaycana məxsusdur, bu zaman heç bir bəhanəyə, heç bir oyuna yer qalmır və ermənilər öz iddialarında haqsızdırlar. Bu haqsızlığa isə heç bir beynəlxalq təşkilat, heç bir qurum haqq qazandırmaq iqtidarında deyil və ola da bilməz.
Erməni lobbisi terror və separatçılıq əməllərinə qədər dünyada məşhurdur və hansısa xalqı lobbiçilikdə ittiham etməyə ən çox onların haqqı yoxdur
Erməni mətbuatı Azərbaycan üçün lobbiçiliyin xarakterik olduğunu da yazmaqdan çəkinmir. Ermənistana məxsus mətbuat səhifələri utanmadan iddia edir ki, guya Azərbaycan lobbisi nə qədər çalışdısa da Avropa Parlamentinin balanslaşdırılmış mövqeyinə mənfi təsir edə və poza bilmədi. Halbuki erməni lobbisi bütün dünyada terror aktlarından tutmuş bütün separatçılıq əməllərinə qədər məşhurdur və bu baxımdan tək Azərbaycan deyil, hansısa xalqı lobbiçilikdə ittiham etməyə üzləri belə olmamalıdır. Daha dəqiq desək, hansısa xalqı lobbiçilikdə ittiham etməyə ən çox onların haqqı yoxdur.
Avropa İttifaqının spikeri Hay Dat Arut Şirinyanın sözlərinə istinad etməyə çalışan erməni KİV-ləri, Azərbaycanın ərazi bütövlüyü baxımından Şərq Tərəfdaşlığı ölkələrindəki bütün münaqişələrə dair Aİ-yə təsir etmə cəhdlərinin, eləcə də Azərbaycan lobbisinin təklif etdiyi dəyişikliklərin və əlavələrin uğursuz olduğunu iddia etməkdən də nə çəkinmir, nə də utanmır. İşğalçı dövlətə məxsus mətbuat səhifəsində, daha doğrusu aysor.am saytında yazılır ki, Azərbaycan qondarma Artsaxın, yəni Dağlıq Qarabağın itgisi ilə barışıb. Maraqlıdır, əgər Dağlıq Qarabağın işğalçıların işğalı və nəzarəti altında olmasını Azərbaycan üçün itgi adlandıranlar dərk etmirləmi ki, bu ifadə ilə özləri də həmin ərazilərin Azərbaycana məxsus olduğunu etiraf edirlər? Mənsubiyyət olduğu halda itgi ifadəsindən istifadə oluna bilər və bir halda ki, Azərbaycan bu torpaqların itgisi ilə barışıb yazırlar, deməli, özləri də həmin ərazilərin bizə məxsus olduğunu etiraf edirlər. Amma dərk etməlidirlər ki, müvəqqəti olaraq işğalçıların nəzarətində olan torpaqlarımızın bir qarışının belə itgisi ilə nəinki, Azərbaycan xalqı, bir Azərbaycan vətəndaşı belə barışa bilməz.
İşğal faktını, ərazilərin zəbt edilməsini ermənilər təkzib etməyə çalışdıqları halda bunu etiraf edirlər
Erməni mətbuatı eyni zamanda işğal olunmuş ərazilər barədə bir bəndin belə olmamasını yazır. Soruşmaq yerinə düşərdi, niyə bu ifadədən, yəni, işğal olunmuş ifadəsindən istifadə edilir? Bu əslində erməni kiv-lərində işğalın etirafı deyilmi? Əgər erməni işğalçıları tərəfindən həmin ərazilər işğal olunmasaydı və bu faktı da onlar çox gözəl bilməsəydilər, işğal olunmuş ərazilər barədə bəndin olub-olmadığı onların diqqətini niyə belə cəlb etməli idi ki? Göründüyü kimi, işğal faktını, ərazilərin zəbt edilməsini, qaçqın və məcburi koçkün faktını BMT kimi mötəbət bir beynəlxalq təşkilat qəbul edib və bu barədə mövcud dörd qətnamə də sözügedən qurum tərəfindən qəbul olunub və ermənilər təkzib etməyə çalışdıqları halda bunu etiraf edirlər.
Yaxud, Azərbaycanda qaçqın problemləri barədə yazan mətbuat səhifəsi anlamırmı ki, qaçqınlar Azərbaycana məxsusdur? Əgər qaçqın və məcburi köşkünlər Azərbaycana məxsusdursa bunun baiskarı erməni işğalçılarından başqa kim ola bilər? Yenə də sual ortaya çıxır, haylar dərk etmirmi ki, azərbaycanlı qaçqınların, daha doğrusu, məcburi köçkünlərin yurd yuvalarından didərgin düşmələri onların işğalçılıq siyasəti sayəsindədir? Hansı bir insan heç bir təsir və təzyiq olmadan öz yurdunu, yuvasını, elini-obasını, evini tərk edər və sığınacaqlarda yaşamağa üstünlük verər? Bu fakt özü-özlüyündə erməni işğalını təsdiq etmirmi?
Erməni mətbuatı, yaxud erməni lobbisi nə qədər təkzib etməyə çalışsa da işğal faktı fakt olaraq qalır və bütün dünya, ələlxüsus mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur. Eyni zamanda, bu işğalın aradan qaldırılması üçün başda BMT olmaqla mötəbər beynəlxalq təşkilatlar müvafiq qərarlar qəbul edib və buna da erməni KİV-ləri təkzib etməyə cəhd etməklə kölgə sala bilməzlər. Əksinə, öz mətbuat səhifələrində belə təkziblərlə ermənilər Azərbaycan torpaqlarını zəbt etdiklərini, bunun isə beynəlxalq aləmdə işğal faktı kimi qəbul olunduğunu etiraf edirlər. Bir sözlə, işğal faktının erməni mətbuatında müzakirəsi işğalın etirafıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə