Azərbaycanın qətnaməsi BMT-də qəbul edildi

2018-ci ilin 17 dekabr tarixində BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib. Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, 62 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub.

Azərbaycan tərəfindən iki ildən bir irəli sürülən qətnamənin əsas məqsədi dünyada silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarətdir.

Qətnamədə dünyanın bir sıra yerlərində silahlı münaqişələrin və bunun nəticəsində itkin düşmüş şəxslərin sayının artması ilə bağlı dərin narahatlıq ifadə olunur.

Qeyd edilir ki, itkin düşmüş şəxslər problemi onların ailələrinə böyük iztirablar gətirir və münaqişələrə son qoyulması sahəsində həyata keçirilən səylərə mənfi fəsadlar törətməkdə davam edir.

Qətnamə dövlətləri beynəlxalq humanitar hüququn müddəalarına hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlər həyata keçirməyə, o cümlədən beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etməyə çağırır. Qətnamə itkin düşmüş şəxslərin ailələrinin əzizlərinin taleyi barədə məlumat əldə etmək hüququnu təsdiq edir. Qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.

Qətnamədə BMT baş katibinin Baş Assambleyanın 75-ci sessiyasına (2020) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair praktiki tövsiyələrin də yer aldığı müfəssəl hesabat təqdim etməsi çağırışı yer alır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə