"Azərbaycan dövləti son 10 ildə çox böyük yol keçib" ÖZƏL-RƏY

“Sosial təbəqəyə dövlətin dəstəyini ən müxtəlif formalarda və istiqamətlərdə ifadə etməkdə həqiqətən Azərbaycan dövləti xüsusilə də son 10 ildə çox böyük yol keçib. Ortada çox zəngin təcrübə və böyük nəticələr var”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

“Hətta deyərdim ki, dünyanın heç bir ölkəsində əhalinin həssas, sosial təbəqələrinə Azərbaycandakı qədər (birdəfəlik yardımlardan, müavinətlərdən tutmuş mənzillərin verilməsinə qədər rəngarəng, çoxistiqamətli, çoxşaxəli yardımlar) dəstəklər göstərilmir. Bildiyiniz kimi sosial təbəqə ümumiyyətlə dünyanın bütün ölkələrində ən həssas təbəqə sayılır. Amma mən inanmıram ki, Azərbaycandakı qədər hər hansı bir ölkədə onun bu qədər çox sayda differansiallaşdırılması aparılsın. Ola bilər ki, bir sıra başqa ölkələrdə məsələn, sosial qayğıya, sosial dəstəyə ehtiyacı olan təbəqələr 5-10 kateqoriya ilə ölçülsün. Amma Azərbaycanda bu kateqoriyaların sayı daha çoxdur. Hətta mən bildiyim qədər 40-a yaxın belə kateqoriyalar var ki, dövlət tərəfindən bu və ya digər səviyyələrdə, formalarda dəstək alırlar. Bu dövlətin həm sosial təbəqələrə maddi-mənəvi dəstək görməkdə böyük imkanlara malik olmağının göstəricisidir, həm də dövlətin bu istiqamətdə əhali ilə sona qədər işləmək iradəsinə, hümanist hisslərə malik olmasının nümayişidir.

Dünyanın heç bir ölkəsində Azərbaycan qədər sosial təbəqələrə, sosial dəstəyə ehtiyacı olan insanlara mənzillər verilmir. Bu Azərbaycanda çoxsistemli xarakter daşıyır. Ümumən Azərbaycan dövlətinin sosial qayğıya ehtiyacı olan təbəqəyə dəstəyi öz məzmununa və istiqamətlərinə görə çox maraqlıdır”-deyə, baş redaktor fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə