"Cənab Prezidentin tutduğu yol çox düzgündür" ÖZƏL-RƏY

“Cənab Prezident təkcə hərbçilərə, şəhid ailələrinə deyil, bütün təbəqələrdən olan insanlara diqqət və qayğısını göstərir. Dövlətimizin iqtisadi imkanları artdıqca, vəziyyət yaxşılaşdıqca bütün insanların, vətəndaşların, təbəqələrin sosial durumunun yaxşılaşdırılması üçün müxtəlif proqramlar həyata keçir. Bunu hətta biz jurnalistlər də öz üzərimizdə görürük”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Sədr müavinin sözlərinə görə, cənab Prezidentimizin ərazi bütövlüyümüzün təmin olunması və hərbçilərə diqqətin artırılması, onların modern texnologiyalarla təmin olunması, həm də ailə vəziyyətlərinin, sosial durumlarının yaxşılaşması ilə bağlı çox ciddi şəkildə proqramlar (istər dünyasını dəyişmiş hərbçilərimiz üçün, istərsə də hal-hazırda sağlam fəaliyyət göstərən hərbçilər üçün) işlənir: “Təcrübə də göstərir ki, bu diqqət və qayğı da təsadüfi deyil və nəticəsiz qalmır. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ildə Naxçıvan MR-da baş verən hadisələr zamanı Azərbaycan Ordusu özünün gücünü və nəyə qadir olduğunu göstərdi. Ordumuzun modern silahlarla silahlanması, texniki baxımdan inkişaf etməsi və vətənpərvərlik ruhunun yüksədilməsi üçün kifayət qədər addımlar atılır. Təbii ki, bu addımlar da artıq öz nəticələrini verməyə başlayıb. O baxımdan hesab edirik ki, cənab Prezidentin tutduğu yol çox düzgün yoldur. Dövlət başçısı diqqət və qayğısını əsirgəmədikcə bizim ordumuz, bütün o müdafiə qabiliyyətimiz də güclənir və özünün nəticəsini verir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə