"Ali məktəblərə qəbul sadələşdirilməlidir" TƏKLİF

“Bu gün təhsildə əsas problem repetitor məsələsidir. Lakin “Ümumi təhsil haqqında" qanun layihəsində bununla bağlı heç bir müddəa yer almayıb. Bu gün kim repetitor yanına getmir, demək olar ki, o, ali məktəbə daxil olmur. Bu gün ali məktəbə qəbul olanlar arasında barmaq sayı qədər tələbə var ki, repetitor yanına getməyib”. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev sözügedən qanun layihəsinin Milli Məclisdə birinci oxunuşu zamanı çıxış edərkən deyib.

Deputat bildirib ki, repetitor tutmaq valideynlərin büdcəsinə ziyan vurur: “Bəzən valideynlər öz uşaqlarını lazımı qidalandırmır, amma onları müəllim yanına hazırlığa göndərir. Bunun qarşısının alınması üçün müəllimlərin maaşı qaldırılmalıdır. Əgər repetitorluq dövlət tərəfindən qəbul olunursa, o zaman qanunda nəzərdə tutulmalıdır. Yox əgər qəbul olunmursa, o zaman bunun həlli tapılmalıdır”.

Q.Həsənquliyev çıxışı zamanı iki növbəli sistemlə fəaliyyət göstərən məktəblərlə bağlı fikirlərini bildirib. O deyib ki, Azərbaycanda iki növbəli tədris sistemi olmamalıdır: “Avropada iki növbəli tədris ləğv olunub. Əgər məktəb çatışmazlığı varsa, o zaman yeni məktəblər tikilməlidir. Bu məsələləri həll etmədən ciddi dəyişikliklərə nail ola bilməyəcəyik”.

Deputatın sözlərinə görə, Azərbaycan ali təhsil müəssisələrinin sayına görə, region dövlətlərindən geri qalır: “Bundan başqa Azərbaycanda ali məktəblərə qəbul sadələşdirilməlidir. Ali məktəbə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilməlidir. Əgər bu həll olunarsa, o zaman repetitorla bağlı məsələlər həllini tapacaq. Əks halda, nə qədər ciddi qanunlar qəbul olunsa da, müsbət heç nəyə nail ola bilməcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə