"Şagirdləri bu qədər yükləmək olmaz" NARAZILIQ

“Ümumi təhsil haqqında” qanun layihəsi ciddi və vacibdir. Təhsil elə sahədir ki, bütün Azərbaycan vətəndaşları bu sistemlə bağlıdır. Hesab edirəm ki, orta təhsil sistemi nisbətən sadələşdirilməlidir. Şagirdləri bu qədər yükləmək olmaz”. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov sözügedən qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı çıxış edərkən deyib.

Deputat bildirib ki, bu gün məktəblərdə oxuyan şagirdlərdən nə hərbiçi, nə əsgər, nə də hüquq mühafizə orqanlarında çalışan çıxmayacaq: “Çünki, əvvəllər uşaqlar həm əylənəcəyə, həm idmana, həm də təhsilə vaxt ayırıırdılarsa. İndi biz artıq Koreyanı da keçmişik. Uşaqlar səhər saat 8-dən axşam 10-a qədər təhsillə məşğul olurlar. Hansısa dövlətin mexanizmini olduğu kimi tətbiq etmək olmaz”.

S.Novruzov söyləyib ki, artıq valideynlər uşaqlarına nəinki repetitor, hətta çanta daşıyan tutur: “Çünki məktəblilərin çantasının çəkisi bu gün 13-14 kiloqramdır. Belə olan halda, aşağı sinif şagirdləri çantasını daşıya bilmir. Bununla bağlı qərar qəbul edilməlidir”.

Deputat çıxışı zamanı yeni məktəblərin tikilməsi məsələsinə münasibət bildirib: “Yeni məktəblər tikilməlidir. Amma harada? Elə ərazilər var ki, orada çoxlu sayda məktəblər var. Amma həmin məktəblərdə 3 uşaq oxuyur. Bunun həlli var. Kanadada, ABŞ-da kənar yerlərdə yaşayan uşaqları avtobusla məktəbə gətirirlər. Bizdə də bu tətbiq edilə bilər”.

Deputat özəl təhsil müəssisələrinin qiymətləri ilə bağlı məsələyə də toxunub. O deyib ki, kim təhsil müəssisəsi tikir özündən qiymət qoyur: “Təhsil müəssisəsi bununla bağlı bir dəfə də hesabat vermir. İstər ali, istərsə də orta özəl təhsildə hər kəs istədiyi qiyməti qoyur. Heç bir əsas da göstərmir ki, qiymətlər niyə belədir? Birinin qiyməti 1000, digərinin 5000, o birinin isə 7500 manatdır. Görürük ki, bahalı məktəblərin müəllimləri dövlət məktəblərində çalışan müəllimlərdən çox məvacib almır. Belə olan halda, o boyda maliyyə hara gedir? Bunlar müəyyənləşdirilməldir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə