"AP-də Azərbaycanla bağlı atılan addım vacib və gözlənilən nəticə idi"

“Avropa Parlamentində Azərbaycanla bağlı atılan addımlar sözün əsil mənasında vacib və gözlənilən nəticə idi. Bilirsiniz beynəlxalq təşkilatlarda Azərbaycana qarşı çox hiyləgər siyasət aparılır. Bu siyasətin mahiyyəti gündəmi dəyişdirməkdir. Burada isə məqsəd Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni başqa, korrupsiya, insan haqları məsələləri ilə əvəz etməkdir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, millətimizin ən ağırılı problemi olan Dağlıq Qarabağ məsələsi bu gün Avropanın ən böyük, nüfuzlu, təsiretmə imkanına malik olan, Avropa üçün istiqaməti müəyyən edən Avropa Parlamentində birmənalı şəkildə öz əksini tapıb.

Onun sözlərinə görə, Avropa Parlamentində münaqişə ilə bağlı bir neçə nəticə var ki, bu nəticələr mütləq şəkildə səslənməlidir: “ Cəmi iki il bundan öncə Avropa Parlamenti Azərbaycana qarşı ağıla sığmaz dərəcədə mənfi qətnamə qəbul etmişdi. Lakin Azərbaycan iqtidarının, parlamentinin, mütəşəkkil, ardıcıl, məntiqli, eləcə də parlamentin daxilində beynəlxalq əlaqələrlə bağlı çox səmərəli, işgüzar, dəstək formasında görülən işlər nəticəsində belə gözəl nəticə əldə edildi”.

S.Seyidov qeyd edib ki, birgə görülən iş mütləq şəkildə öz nəticəsini verməli idi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə