"Kimsə su bulandırmağa cəhd göstərməsin" - İRAD

“Rusiyada yaşayan bəzi azərbaycanlılar dövlət başçısının, Milli Məclisin apardığı işi, dostluq münasibətləri ilə bağlı atdığı addımları öz adlarına çıxırlar. Hansı ki, barmağı barmaq üstünə qoymayıblar... O adamlar indiyədək heç bir iş görməyiblər. Azərbaycanın ayrı-ayrı mətbuat orqanlarına müsahibə verməklə özlərini qəhrəman kimi göstərmək istəyirlər”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

"Biri var, heç tanımıram, professordur, nədir, bilmirəm. Az qala hər gün müsahibə verir ki, Rusiya ilə əlaqələrin qurulmasında rolu olub. O adamın Rusiya mediasında Azərbaycanla bağlı yarım səhifəlik yazısı çıxıbmı? O, Rusiyada Azərbaycan diasporunun qeydiyyata alınmamasını Milli Məclisin üzərinə atır. O, özü heç bir işlə məşğul olmur. Azərbaycan Milli Məclisinin nümayəndələri zaman-zaman Rusiyada mühüm tədbirlər keçirəndə, sən harada idin? O iddia edir ki, deputatlar onun fəaliyyətindən xəbərsizdirlər. Parlament kimin nə iş gördüyünü yaxşı görür və qiymətləndirir. Rusiya ilə ən yaxşı dostluq münasibətləri prezidentlər, xalqlar və parlamentlər arasındadır. Burada kimsə su bulandırmağa cəhd göstərməsin” – deyə, deputat əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə