Ermənistan dini münaqişə astanasında ŞİDDƏT

“Yeni Ermənistana yeni patriarx” təşəbbüsü ilə II Qareginin istefası tələb olunur

Ermənistanda tolerantlıq mühitinin olmaması, eləcə də etniklərin diskriminasiyası ilə yanaşı, dini dözümsüzlük məsələsi də ciddi və həll olunmamış problem olaraq qalmaqdadır. Belə ki, bu istiqamətdəki vəziyyət o həddə qədər inkişaf edib ki, artıq Ermənistan kilsəsində də kəskin parçalanma getməyə başlayıb. Uzun illərdir və Nikol Paşinyan hakimiyyəti də daxil olmaqla, bütün hakimiyyətlər dövründə xalqın malını talayan, dini nağılları ilə baş aldadan “Müqəddəs Eçmiədzin” artıq narazı kütlələrin hədəfinə çevrilib.

II Qareginin qardaşı və kürəkəni təşəbbüs qrupunu kilsənin qarşısında döyüblər

Artıq, erməni ictimai rəyi bu amilə qarşı dözməyəcəklərini, “Müqəddəs Eçmiədzinin” kilsəsində islahatların aparılmasına qədər tələblər irəli sürəcəklərini bəyan edirlər. Belə ki, Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, “Yeni Ermənistana yeni patriarx” təşəbbüsünə qarşı sərt müqavimət göstərilib. Belə ki, Vodkeat kəndinin icma rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin qardaşı təşəbbüs qrupunun qarşısının alınması üçün ən radikal üslublara əl atıb. SİA adıçəkilən erməni nəşrinə istinadən xəbər verir ki, bir sıra məlumatlara görə, onlar “Yeni Ermənistana yeni patriarx” təşəbbüs qrupunun tərəfdarlarını “Müqəddəs Eçmiədzin” kilsəsinin qarşısında gözləyiblər. Onlara kənd icmasının rəhbəri, II Qareginin qardaşı ilə yanaşı, onun kürəkəni Gevork Nersisyan da rəhbərlik edib. SİTAT: “Ötən həftənin şənbə günü bütün ermənilərin ali patriarxı və katolikosu II Qareginin istefasını tələb edən “Yeni Ermənistana yeni patriarx” təşəbbüs qrupunun iştirakçıları növbəti aksiyalarını keçirdikdən sonra, “Müqəddəs Eçmiədzin” kilsəsinin ərazisinə daxil olmağa cəhd göstəriblər. Onları burada yumurta, peyin və daşlarla silahlanmış kütlə gözləyirdi. Nəticədə aksiya iştirakçılarından bir neçəsi kəllə-beyin xəsarətləri alıblar və onlar polisə müraciət ediblər”.

Təşəbbüs qrupuna “müqəddəs ata” Koryun rəhbərlik edir

Yeri gəlmişkən, bu məsələnin ilginc tərəflərindən biri də budur ki, katolikosun istefasını da məhz erməni kilsəsinin nümayəndələri tələb edirlər. Daha dəqiq desək, adıçəkilən təşəbbüs qrupuna “müqəddəs ata” Koryun rəhbərlik edib. Qarşıdurmada onun avtomobilinin şüşələri sındırılıb və ciddi ziyan vurulub. Maraqlıdır ki, polis şikayətlərə baxıldığını desə də, hadisə ilə əlaqədar cinayət işi açılmayıb.

Bu arada onu da xatırlatmaq olar ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan erməni ənənələrinə uyğun olaraq, kilsə nikahına girməyib və övladları da xaç suyuna salınmayıb. Onun ateist olduğu bildirilir və hətta seksual azlıqları müdafiə edən proqramları reallaşdırılacağı barədə fikirlər ictimaiyyət arasında müzakirə obyektinə çevrilib. Kilsə isə buna susur və “Yeni Ermənistana yeni patriarx” tələbinin də bu kimi məsələlərdən qaynaqlandığı qeyd olunur. Daha dəqiq desək, son vaxtlara qədər qeyri-rəsmi olsa belə, Ermənistanın siyasi rəhbərliyinin tərkib hissəsinə çevrilən kilsənin indi bu məsələdən kənarlaşdırılmasına baxmayaraq, Qareginin Paşinyanın bənzər proqramlarına qarşı iradlar bildirməməsi qatı dindarları kəskin şəkildə qıcıqlandırmağa başladıb. Bu. həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq Ermənistan digər burulğanlarla yanaşı, həm də daxilində dini münaqişə yaşamaq astanasındadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə