"Tıxac probleminin həlli üçün xaricdən mütəxəssis gətirilsin"

“Nədənsə Azərbaycana yağış yağan kimi tıxac problemi daha da genişlənir. Bu problemi uzun müddətdir ki, həll edə bilmirik”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, yollarda tıxac problemindən ən çox narazı qalanlar avtomobil idarə edənlər və avtobuslarda sıxışıb qalan insanlardır.

Onun sözlərinə görə, ən azı insanların vaxtında işə gedib çatmasını təmin etmək lazımdır: “Bu gün Azərbaycanda metro tikintisinin dayanması, ictimai nəqliyyatların çoxluğu və onların yolu tutması tıxaca səbəb olub. Dünyanın bir çox ölkələrində vətəndaşlar daha çox metrobusdan və metrodan istifadə edirlər. Hətta avtomobili olanlar maşınlarını kənarda park edib bu vasitələrdən istifadə edir. Belə olan halda, tıxac problemi yaranmır. Amma nədənsə biz hələ də ictimai nəqliyyat sektorunu qaydaya sala bilməmişik”.

F.Mustafa qeyd edib ki, tıxac probleminin qarşısının alınması üçün yollar tənzimlənməldir: “Yağış yağanda yol polislərinə adamın yazığı gəlir. Saatlarla yağış altında yollarda dururlar. Buna əlac tapılmalıdır. Əgər tapılmırsa, o zaman xaricdən bu sahə üzrə mütəxəssislər gətirə bilərik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə