Fəratın şərqində "xəndək əməliyyatı"

Elnur Eyvazov, politoloq

Ankara rəsmiləri tərəfindən Fəratın şərqində aparılan hərbi əməliyyatlarla bağlı verilən açıqlamalar bütün diqqəti yenidən bu regionda cəmləşdirib. Türkiyənin cənubunda formalaşdırılmağa çalışılan "dövlət"ə qarşı rəsmi Ankaranın reaksiyasının yeni bir mərhələsi olan bu açıqlama geniş müzakirələrə səbəb olub. ABŞ-ın Suriya siyasətində kilid rolunu oynayan YPG-ni terror təşkilatı PKK-nın Suriya qolu olaraq görən Türliyənin ABŞ-YPG ittifaqına qarşı sərt mövqeyi heç bir sürpriz xarakteri daşımamışdır. Obama höküməti ilə başlayan, Tramp hökümətinin də davam etdirdiyi Suriya siyasəti əsasən Türkiyəni regionda təcrid etməyə yönəlsə də, özünü doğrultmayıb.

Xüsusilə, "Fərat qalxanı", "Zeytun budağı" adlanan əməliyyatları ilə Ankara Suriya mövzusunda "oldu-bitdi" siyasətinə yol verməyəcəyini açıq şəkildə nümayiş etdirmiş və güclü iradəsini ortaya qoymuşdur. Bunun nəticəsidir ki, ABŞ Münbiçdə Türkiyə ilə ortaq nəzarət planını qəbul etmiş, Türkiyənin regiondakı mövqeyini müəyyən mənada tanımağa çalışmışdır. ABŞ-ın YPG ilə formalaşdırdığı "əməkdaşlıq" son zamandək hər nə qədər Türkiyə tərəfindən sürprizmiş kimi qəbul edilsə də, bu 1990-cı illərdən etibarən beynəlxalq sistemdə görülən dəyişikliyin təbii nəticələrindən biridir. Belə ki, "soyuq müharibə" sonrası təhlükəsizlik boşluqları ilə birgə yeni təhdidlərin də ortaya çıxdığı beynəlxalq sistemdə yeni aktorlar da öz yerini tutmağa başlamışdır. Məhz bu mərhələdə ABŞ-ın regionlara yönəlik siyasətində dövlətlərlə əməkdaşlığın yerini qeyri-hökumət təşkilatları, illeqal qruplar, terror təşkilatları almış və bununla da dövlətlərin manevr sahələri məhdudlaştırılmağa çalışılmışdır.

ABŞ-ın İraqa 2003-cü ildəki müdaxiləsində Türkiyə torpaqlarından keçidə qadağa qoyan parlament qərarı ilə başlayan ABŞ-Türkiyə gərginliyi, regionda ABŞ-ın yeni müttəfiqlər yaratması ilə bir üst mərhələyə keçmiş, Suriya böhranı ilə isə daha da içindən çıxılmaz bir hal almışdır. Dövr ərzində Türkiyədə istiqrarlı bir hökumətin hakimiyyətdə olması ABŞ-ın Türkiyəni oyuna gətirmə planlarının qarşısını alsa da, Türkiyəni daxildən və xaricdən istiqrarsızlaşdırma siyasətinin qarşısını ala bilməmişdir. İstər region üçün ümumi bir təhdid olan İŞİD, istərsə də ABŞ siyasətinin bir parçasına çevrilən PKK/YPG terror qruplaşmaları bölgədə ABŞ-ın ən mühüm müttəfiqlərinə çevrilmişdir və təəssüf ki, yaxın gələcəkdə bu "müttəfiqlər"in ayrılması da gözlənilmir.

Hazırda Türkiyə rəhbərliyinin Fəratın şərqinə doğru hərbi əməliyyatlarla bağlı çıxışları qarşı tərəfdə "haqlı" narahatlığa səbəb olmuşdur. Çünki daha əvvəl həyata keçirilən əməliyyatlarla ABŞ-ın Aralıq dənizinə doğru yaratmağa çalışdığı "enerji koridoru" layihəsinə böyük bir zərbə vuran Türkiyənin atacağı bu addım, Suriyanın şimalında ABŞ nəzarətində formalaşdırılması planlanan PKK/YPG "dövlətini" "beşikdə boğacaq" bir həmlə olacaq, ən mühümü isə 2004-dən bəri həyata keçirilməyə çalışılan "Böyük Orta Şərq Layihəsi"nə (Greater Middle East Initiative) yeni bir zərbə vuacaqdır. Bu səbəbdən Türkiyənin güclü iradəsinin ortadan qaldırılması hazırda ABŞ üçün regionda ən mühüm məsələlərdən birinə çevrilmişdir. Tramp hökuməti ilə Pentaqonun Türkiyə ilə əməkdaşlıqda tutarsız addımları bundan sonra da davam edəcəyi təqdirdə Ankaranı hərbi müdaxilədən çəkindirəcək heç bir güc olmayacaq, nəticə etibarilə Türkiyənin ABŞ ilə bağlı xarici siyasətində "baltaları tərpətmək" ("eksen kayması") düşüncələrini daha da reallaşdıracaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə