Fransa polisi də hökumətə qarşı aksiyalara qoşulur

Parisdə polislər də “Sarı jiletlilər”in aksiyasına qoşulur. SİA-nın verdiyi məlumata görə, sosial şəbəkələrdə 20 dekabrda polislərin etiraz aksiyasının 1-ci aktına çağırışlar yayılıb.

Qəzəbli Polislərin Səfərbərliyi (MPC) Assosiasiyasının vitse-prezidenti Giyom Löbon bildirib ki, 15 il stajı olan və aktivində 200 saatdan çox əlavə iş saatı toplanmış polis əməkdaşları artıq cana doyublar: “Son bir ayda polis əməkdaşları “Sarı jilet”lər aksiyaları zamanı 23 saat dayanmadan iş başında olublar. Mənəvi və fiziki baxımdan üzülüblər”.

“Hökumət hər dəfə aksiyadan sonra uğurlu fəaliyyətinə görə polisi alqışlayır, ancaq bunun arxasında konkret heç nə olmur. “Sarı jilet”lər kimi polis də alıcılıq qabiliyyətinin yüksəldilməsini, əmək haqqına yenidən baxılmasını tələb edir”, - deyə Löbon vurğulayıb.

Qeyd edək ki, 2017-ci ildə milli polisin aktivində toplanmış 21.7 milyon əlavə iş saatı 2014-cü illə müqayisədə 18 faiz artıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə