"Hərbçilərimizin sosial rifah halının yaxşılaşdırılması Prezidentin diqqətindədir" RƏY-ÖZƏL

“Azərbaycan prezidenti İlham Əliyev hər zaman ordumuzda xidmət edən hərbçilərə böyük diqqət və qayğı göstərir. Azərbaycan zabitlərimizin mənzil şəraitinin, sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə öncül ölkələrdən sayılır. Azərbaycan Prezidentinin bu gün Sabunçu rayonunda hərbçilərə yeni mənzillər verilməsi mərasimindəki iştirakı buna bariz nümunədir”. Bu fikirləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Artıq ölkəmizdə qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilməsi prosesinin geniş vüsət aldığını deyən ehtiyatda olan polkovnik söyləyib ki, görülən işlər nəticəsində hərbçilərin, əsgər və zabitlərimizin xidmət şəraiti də böyük dərəcədə yaxşılaşıb: “Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. “Azərbaycan Prezidenti həm də hərbçilər üçün idman şəhərciklərinin salınması, təlim mərkəzlərinin yaradılması məsələsinə də böyük diqqət ayırır”.

C.Xəlilov söyləyib ki, Azərbaycanda həm müdafiə, həm də dövlət sərhədi, həm də daxili qoşunları xidmətində çalışan hərbi qulluqçulara onların fəaliyyəti üçün yüksək səviyyədə şərait qurulub: “Buna misal olaraq son illərdə bir çox hərbi şəhərciklərimizdə aparılan əsaslı təmir-bərpa işlərini söyləmək olar. Bu gün bizim hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir”.

Ölkəmizdə ordu quruculuğu sahəsində mühüm işlərin görüldüyün dilə gətirən sabiq polkovnik vurğulayıb ki, bu gün ordumuzun güclü hərbi texnika ilə təchiz olunması nəticəsində Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasına daxil olub: “Ölkəmizdə vətənpərvərlik ruhu yüksəkdir, bu kimi addımlar isə bu ruhunun daha da yüksəlməsi üçün əhəmiyyətlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə