"Paşinyanı xarici siyasət kontekstində böyük təhlükələr gözləyir" ŞƏRH-ÖZƏL

“Paşinyan artıq “Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdırır. Belə olan halda, separatçı rejimin liderlərinin də dəyişəcəyi istisna edilmir. Əgər əvvəllər Sarkisyan, Koçaryan tandemində separatçı rejimin cinayətkar liderləri Ermənistanda hakimiyyətə yiyələnmişdilərsə, indi əks proses gedir. Ermənistandan olan cinayətkar rejimin təmsilçiləri gedib separatçı rejimin başında əyləşəcəklər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

O bildirib ki, Qərbdəki havadarlar Paşinyanın qarşısına onun hakimiyyətə gəlməsi müqabilində Ermənistanın Rusiyanın orbitindən çıxarılması məsələsini qoyublar: “Amma nə qədər ki, Paşinyan tam səlahiyyəti baş nazir deyil, o müəyyən dərəcədə Moskva ilə addımlarında ehtiyatla hərəkət edəcək. Paşinyan indiyədək havadarlarının qarşısında tam hüquqlu baş nazir olmadığını əsas gətirirdisə, bundan sonra o bu oyunu oynaya bilməyəcək. Çünki, artıq seçkilər keçib və saxtakarlıqla da olsa baş nazir seçilib”.

Ermənistanın hər zaman iki ağaya xidmət etdiyini deyən S. İsgəndərov söyləyib ki, iki ağaya qul olmaq bu dövlət üçün tarixi ənənəyə çevrilib: “Paşinyan Moskvanı çox qıcıqlandırmamağa çalışsa da, Rusiya baş verənləri çox diqqətlə izləyir və Rusiya Ermənistanın apardığı ikili siyasətlə razılaşmır. Əgər Paşinyan birmənalı şəkildə Ermənistanı Qərbin yedəyi ilə aparmağa çalışsa, o zaman Rusiyanın hərbi bazası ilə bağlı məsələ gündəmə gələ bilər”.

S. İsgəndərov söyləyib ki, son vaxtlar Rusiya cəmiyyətində ifrat ermənipərəst mövqeli ekspertlər də Ermənistanın hazırkı siyasətindən narazılıqlarını bildirirlər: “Bundan başqa Rusiyanın siyasi rəhbərliyi Paşinyanın “qələbə”si ilə bağlı onu təbrik etməyib. O cümlədən də KTMT-də Rusiyadan başqa daha iki sanballı dövlət təmsil olunur ki, həmin dövlətlərin yəni Belarus və Qazaxıstandır ki, onların da liderləri Paşinyanı təbrik etməyiblər. Bütün bunların Paşinyana verilən ciddi siqnaldır”.

Politoloqun fikrincə, son dövrlərdə Azərbaycanla-Rusiya münasibətlərinin sıxlaşması da Moskva tərəfindən Ermənistana verilən bir siqnal, ciddi mesajdır: “Bununla Rusiya Ermənistana çatdırmaq istəyir ki, Azərbaycan hər zaman bizim üçün önəmli faktor və tərəfdaşdır və siz heç zaman Azərbaycanın yerini əvəz edə bilməzsiniz. Bütün bu məsələlər Paşinyan üçün xarici siyasət kontekstində böyük təhlükələr yaradır. Ermənistanın daxili məsələsində də vəziyyət çox mürəkkəbdir. Çünki, bu dövlət ianələr hesabına yaşayır. Bu il onların ənənəvi keçirdikləri marafonunda belə ən az vəsait toplanaraq Ermənistana gəldi. Artıq xaricdə fəaliyyət göstərən erməni diasporları da narazılıqlarını bildirərək göndərdikləri vəsaitlərin hesabatını tələb etməyə başlayıblar. İldən-ilə erməni diasporunun bu ölkə üçün ayırdığı ianələr azalmaqdadır ”.

S. İsgəndərov vurğulayıb ki, seçkilərdən sonra Paşinyanın sosial, iqtisadi cəhətdən erməni xalqına verdiyi vədləri yerinə yetirmək imkanı yoxdur: “Belə olan halda, Paşinyanı həm xarici, həm də daxili siyasət kontekstində ciddi sınaqlar gözləyir. Küçə etirazları vasitəsilə hakimiyyətə gəlmək, amma nəzərə almaqdır ki, eyforiya tez dağılır. Bir müddətdən sonra insanlar Paşinyana qarşı tələblər irəli sürməyə başlayacaqlar. Son 7-8 ayda Paşinyan meydanlarda verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib. Heç bundan sonra da həyata keçirə bilməcək. Çünki, bunun üçün kütləvi miqdarda pul lazımdır. Pul əldə etmək üçün ölkənin iqtisadi vəziyyəti düzəlməlidir. İqtisadi vəziyyətin düzəlməsi üçün isə Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə