"2019-cu il ərzində Paşinyanı ciddi danışıqlara cəlb etmək olar" ÖZƏL-RƏY

“Ermənistanda parlament seçkiləri gözlənilən nəticə ilə başa çatdı. Rusiyanın tam nəzarətində olan Ermənistan hakimiyyəti sarsıdıcı zərbə alaraq məğlubiyyətə uğradı. Küçə yürüşləri və kütlələrin təzyiqi və nəhayət Qərbin dəstəyi ilə Paşinyan hakimiyyətə gəldi. Rusiya iqtisadiyyatının 80 fazinə nəzarət etdiyi və 100 ildən artıq himayə etdiyi bir dövləti itirmək qorxusunu yaşamaqdadır”. Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlməsi ərəfəsində bir neçə dəfə ciddi siyasi fiqurlar tərəfindən ona xəbərdarlıqlar edilməsinə və hətta seçildikdən sonra Putinin onu təbrik etməməsinə baxmayaraq, o qərbyönümlü siyasi kursunu dəyişməyəcək: “Bu səbəbdən də Ruisya Paşinyana qarşı siyasi təzyiqlərini artırmaq qərarına gəlib. 2016-ci ildə gündəmə gələn və bir müddət siyasi kluarlarda dolaşan “lavrov planı” yenidən gündəmə gətirilir. ”Lavrov planı” kimi gündəmə gələn təkliflər paketi bir müddət müzakirə obyekti olsa da gərginlik azaldıqdan sonra bir qədər arxa plana keçdi. Bu yaxınlarda Belarus prezidenti Lukaşenkonun 5 rayonun qaytarılması məsələsinə toxunmasında ilk təəssürat müsbət hal kimi görünsə də sətiraltı dediyi sözlərdə bir təhlükə duyulur. Lukaşenko 5 rayon qaytarıldıqdan sonra Azərbaycanın daha irəliləyəcəyindən qorxduğunu deyən Paşinyanı sakitləşdirərək bundan sonrasına mən və Putin izn vermərik deməsi çox narahatedicidir. 5 rayonun heç bir şərt olmadan qaytarılması ideyası isə artıq çoxdan pasport alıb. Bu mövzuda heç bir güzəşt və danışıqlar ola bilməz.

Paşinyannın Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın iştirakı olmadan danışıqlara gedəcəyini hiss edirəm. Bunu anlayan Putin təşəbbüsü ələ almaq niyyətini güdür. Rusiya tərəfi 2019-cu ilin 2-ci rübündə konkret əməli hərəkətə keçərsə demək onlar niyyətlərində ciddidirlər. Bu da bizim üçün əlverişli ola bilər. Hesab edirəm ki, 2019-cu il ərzində Paşinyanı ciddi danışıqlara cəlb etmək olar. Bundan ötrü Ermənistana qarşı təzyiqləri davam etdirərək güc faktorunu hər zaman gündəmdə saxlamaq lazımdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə