“Dini qurumlar və sosial media” KONFRANS-YENİLƏNİB-VİDEO-FOTOLAR

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurasının rəhbərliyi, millət vəkilləri və media nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açaraq “Dini qurumlar və sosial media” mövzusu ilə bağlı fikirlərini bölüşüb.

Komitə sədri bildirib ki, sosial media beynəlxalq təşkilatlar səviyyəsində hər zaman müzakirə predmeti olub: “Bu vasitə dünyada insanlar arasında ünsiyyət baxımından digər media nümunələrini üstələyir. Çünki burada hər kəs fərdi şəkildə öz fikrini ifadə edə bilir. Sosial medianın müsbət tərəfləri ilə yanaşı, müəyyən problemləri də var. Bəzi ölkələrdə sosial medianın fəaliyyəti üzərində dövlət səviyyəsində qanunvericiliklə nəzarətin yaradılması istiqamətində addımlar atılıb. Bəziləri bunu azadlığa maneə kimi qələmə verirlər.

M.Qurbanlı əlavə edib ki, Avropanın ən inkişaf etmiş ölkələrində belə sosial mediaya nəzarət edilir: "Çünki bu sahədə bəzən dezinformasiya baş alıb gedir. Eyni zamanda, insani dəyərlərə, əxlaqa zidd məsələlərlə əlaqədar məlumatlar geniş şəkildə təşviq və təbliğ olunur. Ona görə də bu mövzu Azərbaycanda da daim diqqət mərkəzindədir".

Daha sonra Dövlət Komitəsinin İctimiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova “Sosial media və din” mövzusunda təqdimatla çıxış edib.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, əgər dinlər arasında mehriban münasibət yoxdursa, bu, bəşəriyyətə xeyir gətirmir: “Əksinə, bəlalar gətirir. Təsadüfi deyil ki, bu məsələ hər zaman medianın gündəmində olub".

Millət vəkili sosial şəbəkələrin sosial media kimi qələmə verilməsinin doğru olmadığını deyib: "Sosial şəbəkələrin sosial media adlandırılmasını qəbul etmirəm. Media peşəkar jurnalistlərin çalışdığı məkandır, sosial şəbəkədə isə müxtəlif əqidələrə xidmət edənlər var. Sosial şəbəkədə kim necə istəyir öz fikirlərini ifadə edir və müəyyən məsələlərdə sərhədlər keçilir. Bəzən təhqirlər və aşağılanma hallarına da rast gəlirik. Sosial şəbəkənin müəyyən təsir gücü var. Hətta mövqeyi olmayanlara da sosial şəbəkədə paylaşılan fikirlər təsir edir. Sosial mediada isə artiq müxtəlif mənsəblər at oynada bilmirlər. Çünki jurnalistlərimiz lazım olan mövzunu seçməyə başladır. Bəzən jurnalistlər sosial şəbəkədə gedən müzakirələri mətbuata gətirir. Burada biz jurnalistlərin də peşəkarlığı önəmlidir. Mövzunun mediaya hansı aspektdən gətirilməsi isə jurnalistin peşəkarlığından asıldır".

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, bəzi qüvvələr sosial şəbəkələrdən fəal istifadə etməklə Azərbaycanı geriyə aparmağa və islami dəyərlərin hakim olduğu İslam dövlətinə çevirməyə çalışırlar: “Odur ki, problemimiz radikal dini cərayanlarla bağlıdır. Ölkədə sabitliyin pozulması üçün əsas təhlükə radikal dini cərəyanlardan və ideologiyalardan gəlir. Bu sahədə daha ciddi problemlər yaranır. Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələr tərəfindən müsbət qarşılanmır. Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma işi ilə məşğuldur. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır".

Ə.Amaşov qeyd edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da ictimai fikir internet üzərindən yayımlanan mətbuat orqanları, əsasən də sosial şəbəkələr vasitəsilə yayılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında diqqətə çatdırıb ki, bu gün sosial media problemi bütün dünyanı lərzəyə gətirir: “Artıq media deyəndə qəzet, jurnalla yanaşı, internet media da bura daxil olub. Lakin sosial şəbəkələri də media kimi qiymətləndirməyimiz düzgün deyil. Sosial şəbəkənin media kimi qəbul olunmamasının səbəbi bu sahədə məsuliyyətin olmamasıdır. Əgər televiziya və jurnalda jurnalist hər hansı məlumat yayırsa, onlar buna görə məsuliyyət daşıyırlar. Amma sosial şəbəkələrdə bu belə deyil. Əlbəttə, ölkəmiz tolerant bir ölkədir. Azərbaycanda keçirilən tədbirlər də ölkəmizin sabitliyini sübut edir. Hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu vətəni hesab edir. Lakin bununla yanaşı xaricdən idarə olunan quvvələr var. İlahiyyatçılarımızın bəziləri xaricdə təhsil alıb. Bu məqam da müəyyən təhlükələr yaradırdı. Bu il Prezidentin sərəncamı ilə İlahiyyat İnistitu yaradıldı. İnstitut bu sahədə kadrların yetişdirilməsi üçün mühum tol oynayacaq".

V.Səfərli onu da vurğulayıb ki,bu sahədə təbliğata böyük ehtiyac var: "Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə biz çoxsaylı tədbirlər keçirmişik. Hesab edirəm ki, sosial şəbəkədə nə qədər cəfəngiyyat yayılsa da, jurnalistlər həm sosial şəbəkə, həm də media vasitəsilə onlara cavab verməlidir".

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Aparat rəhbəri Aytən Qəhrəman, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili fikirlərini bölüşüblər.

Qeyd edək ki, konfransın keçirilməsində məqsəd sosial şəbəkələrdə dini qurumların fəaliyyətinin müzakirəsidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə