“Avropa şirkətləri Azərbaycana kapital yatırmaqda maraqlıdır” AÇIQLAMA

“Avropa Birliyi ilə Azərbaycan arasında bağlayacaq yeni saziş iqtisadi və siyasi müstəvidə ölkəmizə bir çox əhəmiyyətli dividentlər gətirəcək. Aİ-nin Azərbaycana olan marağı bəllidir. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Bu regionda ölkəmizlə razılaşdırılmadan geoiqtisadi və geostrateji layihələrin həyata keçirilməsi mümkünsüzdür”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov Avropa İttifaqı ilə Azərbaycan arasında növbəti ilin may ayınadək imzalanması nəzərdə tutulan yeni sazişin əhəmiyyətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik təmin olunub: “Bu mənada ölkəmizə sərmayə və kapitalın yatırılmasında heç bir ciddi problem yoxdur. Avropa şirkətləri bundan sonra da Azərbaycana kapital yatırmaqda maraqlıdır. Azərbaycan kommunikasiya xətləri üzərində yerləşən dövlətdir. Şimaldan Cənuba, Qərbdən Şərqə gedən yollar Azərbaycandan keçir. Böyük İpək Yolu da ölkəmizin ərazisindən keçir. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə oynadığı rol da Avropa İttifaqı və digər beynəlxalq qurumların diqqət nəzərindən qaçmır. Bununla yanaşı, ölkəmizdə multikultural, tolerant mühitin olması da Avropa siyasətçilərinin diqqətini cəlb edir. Hazırda Avropa məhz belə bir mühitin olmamasından əziyyət çəkir. Azərbaycan həmçinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və gələcəkdə də oynamaqda davam edəcək. 2020-ci il üçün TAP və TANAP layihələri üzrə Azərbaycandan Avropaya axacaq qazın həcmi genişlənəcək. Bu müstəvidə ilk mərhələdə Avropaya 10 milyarda yaxın qaz çıxaracağıq. Bilirik ki, Avropa özünün enerji təhlükəsizliyi kimi məsələlərə hər zaman prioritet əhəmiyyət verib. Çünki, Avropanın Rusiyadan olan enerji asılılığı Moskva ilə münasibətlərdə əksər hallarda heç də həmin qitə ölkələrinin xeyrinə olan mənzərənin formalaşmasına xidmət etmir. Qərb, xüsusən də ABŞ bundan narahat olduğunu dəfələrlə bəyan edib. Yeri gəlmişkən, Avropa İttifaqının Azərbaycanla bağlı layihələrini bir qayda olaraq ABŞ da dəstəkləyib”.

Politoloqun sözlərinə görə, Avropa Birliyi Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi ilə bağlı danışıqlarda ədalətli mövqe sərgiləyəcəyinə ümidvarıq: “Ümid edirik ki, AB təcavüzkarla təcavüzə məruz qalan dövlət arasında fərqin mahiyyətinə varacaqlar. Hər halda beynəlxalq hüquq normaları təcavüzkarla fərqli dildə yanaşmanı tələb edir. Təbii ki, bunun baş tutması əhəmiyyətli dərəcədə Azərbaycan diplomatiyasının qurumla aparacağı danışıqlardan da asılıdır. Düşünürəm ki, bütün bunlarla yanaşı, Azərbaycanın AB ilə əlaqələrinin genişlənməsi və inkişafı bölgə dövlətləri üçün də heç bir narahatlıq yaratmır. Azərbaycan Rusiya və İranla münasibətləri mehriban qonşuluq və dostluq münasibətləri üzərində qurub. Bu münasibətlərdə qarşılıqlı anlaşma və hörmət prinsipləri hər zaman gözlənilib. Azərbaycanın neft-qaz strategiyasının çox vektorlu maliyyət kəsb etməsi də bu dövlətlərin siyasi elitalarına məlumdur. Yəni Azərbaycan Avropa ilə iqtisadi əlaqələri genişləndirən zaman, burada hər hansı bir üçüncü dövləti hədəfə götürmür. Bu mənada bütün müstəvilər üzrə AB ilə əməkdaşlığımızın genişlənməsi həm ittifaqın, həm də Azərbaycanın maraqlarına geniş şəkildə cavab verəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə