“Azərbaycan bütün beynəlxalq və regional qurumlarla əməkdaşlığa üstünlük verir” AÇIQLAMA

“Azərbaycanda yeni gündə həm Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası, həm də Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı öz işinə başladı. Hər iki tədbirdə də bölgəmiz, regionumuz, dünyamız üçün çox önəmli məsələlər müzakirə olundu, fikir mübadilələri aparıldı, ən əsası da hər iki təbdir çox konstruktiv məcrada, qarşılıqlı anlaşma şəraitində keçdi”. Bunu SİA-ya açıqlamasında Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransının iştirakçısı olmuş millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün beynəlxalq və regional qurumlarla əməkdaşlığa üstünlük verir: “PAİ-nin Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında dünyanın 44 ölkəsindən 250-yə nümayəndə iştirak edirdi. Hansı ki, onların çoxu ilk dəfə idi ki, Azərbaycanda olurdu, ölkəmizlə ilk tanışlıq fürsəti əldə edirdi, həmçinin, Azərbaycanın inkişafının sözdə deyil, əməldə özünü göstərdiyini öz gözləri ilə görmək şansı qazanırdı. Gəldilər, öz gözləri ilə gördülər ki, Azərbaycan bu gün dünyanın ən dinamik və ən sürətli inkişaf yolunda olan ölkəsidir, ətrafı qazan kimi qaynamasına, 30 ildən artıq haqsızcasına, ədalətsizçəsinə Qarabağ münaqişəsi yaşamasına baxmayaraq, yerləşdiyi regionun, coğrafiyanın sabitlik və təhlükəsizlik adasıdır”.

Millət vəkili bildirib ki, ikigünlük müzakirələr zamanı çox mühüm məsələlər nəzərdən keçirildi, hər bir ölkəyə öz mövqeyni ortaya qoymaq imkanı verildi, dünyamızla, gələcəyimizlə bağlı ən müxtəlif və maraqlı çağırışlar edildi, ideyalar, təkliflər irəli sürüldü, mesajlar verildi: “Həmçinin, maraqlı məqamlardan biri kimi, gənclərin cəmiyyətlərin, toplumların, dövlətlərin həyatlarındakı önəminə, perspektivinə, onların verə biləcəyi töhfələrə xüsusi diqqət yetirildi. Gənclərlə, gənclər siyasəti ilə bağlı məsələdə də Azərbaycanın örnək, nümunə ola biləcəyi söylənildi. Odur ki, hər iki tədbiri, xüsusən də, iştirakçısı olduğum Qlobal Konfransı çox yüksək qiymətləndirir, dəyərləndirir və hesab edirəm ki, bunlar Azərbaycanın növbəti siyasi-diplomatik uğurlarıdır. Bu uğurlar isə ölkəmizin gələcək inkişafında, o cümlədən, ağrılı problemimiz olan Qarabağ münaqişəsinin ədalətli həllində mütləq öz rolunu oynayacaq, öz töhfəsini verəcək”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə