Ermənilərin qorxu içində yaşadığı göz qabağındadır

Gələn ilin 1 yanvar tarixindən sonra Rusiyanın Ermənistana qazı daha yüksək qiymətə satması ehtimalı var. Bu barədə Ermənistana məxsus “Jamanak” qəzetinın yazısı barədə tert.az saytında məlumat verilir və istehlakçılar üçün də qazın qiymətinin qaldırılacağı barədə proqnozlar da xüsusi yer alır.

Rusiya ilə qaz tarifi müqaviləsinin 2018-ci il dekabrın 31-də bitdiyini qeyd edən nəşrdə etiraf olunur ki, hazırda Rusiya ilə qaz tarifləri ilə bağlı danışıqlar aparılmır. Məhz bu baxımdan, yəni heç bir danışıq aparılmadığı üçün yanvarın 1-dən sonra Rusiyanın qazı Ermənistana daha yüksək qiymətə satacağı ehtimal edilir. Təbii ki, istehlakçılara da bunun təsirsiz ötüşməyəcəyi, istehlakçılar üçün də qazın qiymətinin artırılacağı bildirilir.
Ermənistana məxsus sözügedən mətbuat orqanı Ermənistan hakimiyyət orqanlarının bunun üçün Rusiya hakimiyyətini ittiham etməyə başlayacaqları barədə də yazır. İndidən təlaş içində olan mətbu orqan hətta, onların erməni cəmiyyətini düşünmədiklərini də qeyd edir. Sözsüz ki, bu yazıda Ermənistan hakimiyyətinin də bunun üçün məsuliyyət daşıdığı öz əksini tapır və bunu başa düşmək lazım olduğu xüsusilə vurğulanır.
Görünür, Ermənistan cəmiyyəti Nikol Paşinyanın bu vaxta qədər boş, yalançı vədlərinin fərqindədir və onları nə gözlədiyindən bərk qorxuya düşüb. Kütləvi İnformasiya Vasitələrinin təlaş içində belə bir məqaləsi təsdiq edir ki, ermənilər artıq nə Paşinyanın vədlərinə inanır nə də onun ruslarla olan münasibətlərindən razı deyillər. Öz tarixi boyu daim Rusiyanın ətəyindən tutaraq ayaqda qalan Ermənistanın, hər zaman rusların köməyinə bel bağlayan ermənilərin Paşinyanın düşünülməmiş, yanlış siyasəti, uğursuz addımları, bəyanatları sayəsində indi rusların yardımlarından, dəstəyindən məhrum olaraq çarəsiz durumda qaldıqları, qorxu içində yaşadıqları göz qabağındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə