Erməni ordusu acınacaqlı vəziyyətdə

Nikol 2,5 milyard dollar dərdinə düşüb

İşğalçı Ermənistan ordusunun acınacaqlı vəziyyəti, xüsusilə baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın hökumətin iclasında bunu etiraf etməsi sübut edir ki, artıq düşmən ordusu istər maddi, istərsə də mənəvi tərəfdən dağılmaq ərəfəsindədir. Əgər bunun qarşısı alınmazsa, ümumiyyətlə, işğalçı ordunun canlı və texniki təchizatı yox səviyyəsinə qədər düşə bilər. Əbəs deyil ki, Paşinyan sözügedən iclasda yaxın 5 ildə silahlı qüvvələrə 2,5 milyard dolların lazım olacağını deyib. “Ordunun inkişafı üçün biz gərək 2,5 milyard dollar tapaq”, deyən Ermənistanın baş nazir vəzifəsini icra edən Paşinyan yəqin ki, bu pulların heç də küçələrə səpilmədiyini yaxşı anlayır. Düzdür, onun özü hakimiyyətə məhz küçədən gəlib, ancaq bu məbləğin də küçələrdən yığılacağı ümumiyyətlə, real təsir bağışlamır. Görünür, bu səbəbdən o, həmin vəsaitlərin tapılması üçün “ciddi işlərin aparılması vacibliyindən” danışıb.

Bu kimi faktlar Paşinyanı əl-ayağa düşməyə vadar edib

Ancaq bu əsnada sual yaranır ki, Ermənistan istər siyasi, istərsə də sosial-iqtisadi cəhətdən çox acınacaqlı durumda olduğu bir vaxtda, xüsusilə, köhnə sistemin hakimiyyətdən devrilməsinin ardınca, xarici ölkələrdəki erməni lobbisinin maddi yardımlar kampaniyalarını səngitdikləri bir zamanda Paşinyan bu pulları necə əldə edəcək? Belə ki, onun hakimiyyətə gələr-gəlməz anti-Rusiya xarakterli çıxışlar etməsi, ümumiyyətlə, daxili və xarici siyasətdə köklü səhvlər buraxması da borc bataqlığında üzən ölkəsini necə deyərlər, dalana dirəyib. Çünki bu vaxta qədər Kremlin vassalı olaraq, istər kreditlər vasitəsi ilə, istərsə də digər yardımlar yolu ilə Ermənistan sürünə-sürünə bir ili digər ilə calayaraq yaşayırdı. İndi isə, artıq Rusiya da bu ölkəyə barmaqarası baxır və xüsusilə hərbi cəhətdən yardımlarını dayandıran qərarlar qəbul etməyə hazırlaşır. Bütün Bu kimi faktlar isə Paşinyanı əl-ayağa düşməyə vadar edib.

Hələ bu da azmış kimi, Nikol Paşinyan siyasi blefdən, yəni imitasiyadan istifadə edərək, “ordu quruculuğu” ilə yanaşı, hərbçilərin sosial məişət səviyyələrini də “artırmaq” eşqinə düşüb.

Erməni hərbçilərinin etirafı: “Belə bir ordu ilə qələbə qazanmaq olmaz”

Lakin növbəti fakt budur ki, artıq Ermənistanda 7-8 ay öncəki eyforiya mühiti yoxdur və Paşinyanın bənzər imitasiyaları nə xalqda, nə də orduda yeni ümid işğı yandırmaq iqtidarında deyil. Bu gün işğalçı ordunun tabeliyində olan əsgərlərdən tutmuş zabitlərə qədər heç kim hər hansı bir inkişafdan, yenilikdən danışa bilməz və bundan sonra onları daha ağır vəziyyətlər gözləyir.

Yeri gəlmişkən, Ermənistan ordusu daxilində baş verən özbaşınalıq və kriminal halları da düşmən ölkənin silahlı qüvvələrinin məhvini sürətləndirir. Yuxarıda da qeyd edildiyi kimi, iqtisadi tənəzzül, insanların ac-yalavac, səfil həyatları, həmçinin, bundan doğan cinayətlər də, bütövlükdə işğalçı dövlətin nə qədər ağır durumda olduğunu sübuta yetirməkdədirƏb əs deyil ki, bu günlərdə bir qrup hərbi qulluqçu Nikol Paşinyana əsgər yoldaşlarının anasının həbsdən azad olunması ilə bağlı qərar qəbul etməsini xahiş edən məktub ünvanlayıblar. Belə ki, həbs eidlmiş qadın öz ac uşaqlarının qarınlarını doydurmaqdan ötrü 10 min dram oğurlayıb. Hərbçilər bir ay sonra əsgər yoldaşlarının hərbi xidmətdən tərxis olunacağını qeyd edərək, onun evə dönərkən, nə anasını, nə də bacısını görə bilməyəcəyini yazıblar. “Ümumiyyətlə, heç evi də yoxdur, çünki ailə kirayədə yaşayırdı”, deyə məktubda bildirilir. Erməni saytı yazır ki, hərbçilərin açıq məktubu və ictimai rakursda “kişi söhbətlərinin” müzakirəsi Ermənistan üçün yeni məsələdir. “Belə ki, ordu uzun illər oğru qanunları və davranışları ilə idarə olunub və nəticədə hakimiyyətlə hər hansı bir məsələni həll etmək, məktub yazmaq, yoldaşlarına görə xahiş etmək “nakişilik” hesab edilib”, deyə qeyd edilən yazıda əsas reallıq vurğulanır: “Belə bir ordu ilə qələbə qazanmaq olmaz”.

Rövşən NURƏDDİNOĞLU

P.S. Göründüyü kimi, Nikol Paşinyanın ordunun “inkişafı” üçün 2,5 milyard dollar axtarışına çıxması və bu barədə hər hansı bir işlər aparacağını bəyan etməsi heç bir nəticə verməyəcək. Verməyəcək ona görə ki, artıq onun özünün yıxdığı köhnə sistemin ardınca siyasətdən qovulacağı gün elə də uzaqda deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə