Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb

Beynəlxalq Türk Akademiyası (TWESCO) Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib. SİA-nın Qazaxıstan və Orta Asiya bürosundan verilən məlumata görə, mərasim çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Çolpan-Ata sammitində TWESCO-ya müşahidəçi üzv statusu alan Macarıstanın dövlət bayrağı Akademiyaya təqdim edilib.

Mərasimdə Qazaxıstan xarici işlər nazirinin müavini Ercan Aşıkbayev, Azərbaycanın Qazaxıstandakı səfiri Raşad Məmmədov, Macarıstan Respublikasının səfiri Andraş Barani, Monqolustan Respublikasının səfiri Luvsan Battulqa, Türkiyə Cümhuriyyətinin səfiri Nevzat Uyanık, Özbəkistan Respublikasının səfiri Saidikram Niyazxocayev, Qırğız Respublikası səfirliyinin müşaviri Kaynarbek Toktomuşev, Türkmənistan səfirliyinin hərbi attaşesi Anımurat Yaqmırov, elm adamları və media nümayəndələri iştirak ediblər.

Xarici işlər nazirinin müavini Ercan Aşıkbayev bildirib ki, Beynəlxalq Türk Akademiyası 2009-cu ildə Qazaxıstan Prezidentinin təşəbbüsü ilə TDƏŞ-in Azərbaycanın Naxçıvan şəhərində baş tutan sammitində yaradılıb. Hazırda təşkilat türk xalqlarının tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyətinin tədqiqində əldə etdiyi böyük uğurlar sayəsində beynəlxalq səviyyədə tanınmış elmi-tədqiqat mərkəzinə çevrilib. Akademiya türk dünyası ilə bağlı elmi araşdırmaları koordinasiya edən bənzərsiz bir təşkilata çevrilməkdədir. Akademiyanın həyata keçirdiyi layihələr yalnız elmi baxımdan deyil, türkdilli dövlətlərin inteqrasiyası baxımından da çox əhəmiyyətlidir. Qısa fəaliyyəti dövründə TWESCO “Ortaq Türk Tarixi", "Ortaq Türk Coğrafiyası" və "Otraq Türk Ədəbiyyatı" dərsliklərini hazırlayıb, "Türkbarometr" sosial tədqiqat layihəsini və "Atlar Mirası" onlayn ensklopedik multimedia portalını təqdim edib və ortaq tariximizə işıq tutan beynəlxalq əhəmiyyətli elmi-tədqiqat, arxeologiya ekspedisiyaları həyata keçirib. TWESCO tərəfindən hazırlanan "Türk İnteqrasiya Konsepsiyası" Türk Şurasının VI Zirvə Görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçıları tərəfindən imzalanıb.

Ercan Aşıkbayev Macarıstanı Türk Şurası və Beynəlxalq Türk Akademiyasına müşahidəçi üzv olması münasibətilə təbrik edib və qarşılıqlı əməkdaşlığın güclənəcəyinə ümidvar olduğunu bildirib.

TWESCO prezidenti Darxan Kıdırəli rəhbərlik etdiyi təşkilatın üzv dövlətlərin milli günlərini qeyd etməsinin ənənə halı aldığını və bunun davam edəcəyini bildirib. O, türk xalqlarının bir-birinə yaxınlaşmasının məhz müstəqillik sayəsində mümkün olduğunu, TWESCO da daxil olmaqla bu istiqamətdə fəaliyyət göstərən təşkilatların dövlət başçıları tərəfindən dəstəklənməsinin türk xalqları arasında inteqrasiyaya böyük töhfə olduğunu qeyd edib. Akademiya prezidenti Macarıstanın müşahidəçi üzv kimi qəbulunun təşkilatın beynəlxalq miqyasda daha yaxşı tanınmağa başlanmasının önəmli göstəricisi olduğunu dilə gətirib.

Daha sonra, Macarıstanın Qazaxıstandakı səfiri Andraş Barani ölkəsinin dövlət bayrağını Akademiyaya təqdim edib. Diplomat bildirib ki, Türk Şurasının Çolpan-Atada baş tutan sammitində Macarıstanın müşahidəçi üzvlüyü rəsmi olaraq təsdiq edilməsindən sonra Akademiyada Macarıstanın bayrağının dalğalanmasından böyük şərəf hissi duyur. Beynəlxalq Türk Akademiyasının baş qərargahının Astanada olması Macarıstan - Qazaxıstan əməkdaşlığının genişlənməsinə əlavə stimul verir. Səfir vurğulayıb ki, Macarıstanla Qazaxıstan arasındakı əlaqələrin inkişafında qardaş xalqların müştərək tarixi mənşəyinin təsirini hiss etməmək mümkün deyil. Bu səbəbdən, Macarıstan tərəfi dövlət bayrağının TWESCO-da qaldırılmasını əhəmiyyətli tarixi hadisə hesab edir.

Qeyd edək ki, mərasim çərçivəsində türk xalqlarının inteqrasiyası və qardaş ölkələrin informasiya sahəsindəki əməkdaşlığına töhfəsinə görə Türkiyənin Anadolu Agentliyinin Qazaxıstan təmsilçisi Aliya Raimbekova Beynəlxalq Türk Akademiyası tərəfindən təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə