"Təəssüf ki, təşkilatın bəzi üzvləri arasında münaqişələr var"

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr arasında münaqişələrə baxmayaraq, təşkilat iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam edir”. SİA-nın verdiyi məlumata görə, bunu təşkilatın baş katibi Maykl Kristides bu gün Bakıda keçirilən QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasının yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təəssüf ki, təşkilatın bəzi üzvləri arasında münaqişələr var: “Lakin biz tərəflərin qarşılıqlı marağına cavab verən layihələr və əməkdaşlığın gücləndirilməsi üzrə işləri davam etdiririk. Qərara gəlmişik ki, bu təşkilat çərçivəsində siyasi məsələlər müzakirə olunmayacaq".

Baş katib vurğulayıb ki, ildə bir neçə dəfə QDİƏT-in üzv dövlətlərinin nümayəndələri danışıqlar masası arxasında oturur və maraq doğuran məsələləri müzakirə edirlər: "Buna görə də deyərdim ki, əgər QDİƏT mövcud olmasaydı belə, biz bu təşkilatı yaratmalıydıq. Bizim siyasi problemləri bir tərəfə qoymaq barədə şifahi razılığımız var, buna görə də həmin problemlərin həllinə görə məsuliyyət daşımırıq. Əgər üzv ölkələr hər hansı layihə ilə bağlı razılığa gəlirlərsə, biz həmin layihəni reallaşdırmağa çalışırıq".

M.Kristides əlavə edib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı praktiki olaraq ictimai həyatın bütün sahələrində böyük irəliləyiş əldə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə