"Paşinyanın Saakyanla görüşməkdə bir neçə məqsədi var” ÖZƏL-MÖVQE

“Nikol Paşinyan parlament seçkisindəki qələbəsindən sonra ilk olaraq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşdü. Paşinyanın bu görüşdən bir neçə məqsədi var”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

“Birincisi, Paşinyan separatçıların lideri ilə görüşməkdə erməni cəmiyyətinə sanki mesaj göndərir ki, o da əvvəlkilər kimi işğalçı siyasəti davam etdirəcək, daxildəki və xaricdəki millətçilər narahat olmasınlar. İkincisi, Paşinyan tez-tez Bako Saakyanla görüşməklə onu nəzarətdə saxlamaq istəyir. Çünki, Paşinyanın əsas rəqibləri ona qarşı “Qarabağ kartını” istifadə etməyə çalışacaqlar.

Paşinyan Saakyanı başa salmaq istəyib ki, Robert Köçəryan və Serj Sərkisyan tərəfdarlarının əlində alət olmasın, əks halda Dağlıq Qarabağın maliyyəsini azalda bilər. Təsadüfi deyil ki, görüşdə Ermənistanla separatçıların birgə büdcəsi müzakirə olunub. Fikrimcə, Bako Saakyan hələ ki, güclünün yanında olacaq. Ermənistanda isə güclü hələ ki, Nikol Paşinyandır. Buna baxmayaraq, Qarabağ separatçıları “xaç ataları” olan yerliləri – Köçəryan və Sərkisyan tərəfdarları ilə də gizli təmaslarına davam edəcəklər”-deyə, politoloq fikrini tamamlayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağ separatçılarının lideri Bako Saakyanla Yerevanda görüşüb. Ermənistan KİV-nə istinadən onlar Azərbaycanın işğal altındakı torpaqları ilə Ermənistan arasında əməkdaşlığı, daxili və xarici siyasətlə bağlı məsələləri müzakirə ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə