"Ermənistanın arxasında dayanan əl kəsiləcək" ÖZƏL-RƏY

“Paşinyanın hakimiyyətə gəlməsi ilə münaqişənin həllində keyfiyyət etibarı ilə dəyişiklik olacağına şübhə etmirəm. İmperialist qüvvələrin dəstəyi və fitvası ilə Azərbaycana qarşı ərazi iddiası irəli sürən “Qarabağ klanı” parlament seçkilərində ağır məğlubiyyətə uğradılar. Paşinyan kütlələrin təzyiqi ilə seçkilərdə böyük üstünlük qazandı və Koçaryan-Sarkisyan cütlüyünün təmsil etdiyi Respublikaçılar Partiyasını parlamentdən kənarda saxlamağı bacardı. Lakin bu hələ tam qələbə deyil. Bu illər ərzində klan hakimiyyəti kifayət qədər maddi resuslara sahiblənib”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, ölkənin şah damarı sayılan enerji resusları və iqtisadiyyatının idarə edilməsinin 80 faizi Rusiyanın nəzarətindədir: “3 milyard dövlət büdcəsi olan ölkə üçün isə 100 faiz asıllıq və müstəmləkə ölkə deməkdir. Ona görə də müstəmləkə ölkənin rəhbərliyinin hər hansı danışıqlarda müstəqil qərar verə bilməyəcəyi də aydındır. Ermənistanın yeni rəhbəri Nikol Paşinyan ilk növbədə Rusiyanın təsir dairəsindən çıxmaq uğrunda addımlar atmağa çalışacaq. Yalnız bundan sonra onun Qarabağla bağlı danışıqlarda hansı mövqedən çıxış edəcəyindən danışa bilərik. Reallıq isə bunu tələb edir ki, Ermənistanın gələcəyi və inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərindən asılı olacaq. Bu iki ölkə ilə qonşuluq və sülh şəraitində yaşamaq və münasibətlərinin qurulması üçün isə gerçəyi qəbul edərək zorən işğalçılığıa sövq edilmiş mövqedən geri çəkilməlidir. Yoxsa adi erməni vətəndaşları hər zaman müharibə təhlükəsi altında yaşamalı olacaqlar.

Sözsüz ki, bir gün Ermənistanın arxasında dayanan əl kəsiləcək. Hələlik isə görünür Rusiya tərəfi münaqişənin həll olunmasında maraqlı deyil. Yaxın zamanlarda isə Paşinyanın münaqişənin nizamlanması ilə bağlı ciddi və təsiredici addımlar atacağını da güman etmirəm. Paşinyan ilk növbədə Rusiyadan asıllığın azadılması üçün çalışacaq. Ölkə iqtisadiyyatını Rusiyanın təsirindən qurtarmaq üçün isə bu ölkəyə ilkin olaraq10 milyard dollar lazım olacaq. Bu məbləği Paşinyana kim və hansı şərtlər daxilində verəcəksə sonrakı proseslərdən bundan asılı olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə