Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib YENİLƏNİB-VİDEO-FOTOLAR

Bu gün Azərbaycanın sədrliyi çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası işə başlayıb. SİA-nın verdiyi məlumata görə, iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası münasibətlərin cari vəziyyətinin və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün çox yaxşı imkandır: “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında keçirilən görüşün əsas müzakirə mövzusu təşkilatın işinin səmərəliliyinin artırılması, ticarətin sadələşdirilməsi, energetika, tranzit, İKT, turizm, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığa dəstək və digər mühüm mövzulardır".

Nazir dəvəti qəbul edən və Azərbaycana gələn iştirakçılara minnətdarlığını bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə çıxışında deyib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi dava-dalaş və haqq-hesab çəkmək üçün arena olmamalıdır: "Çox təəssüf ki, son vaxtlar Qara dəniz regionunda vəziyyət pisləşib. Bu tendensiyanı aradan qaldırmaq və Qara dəniz bölgəsini sülh, sabitlik və çiçəklənmə zonasına çevirmək üzərində işləmək vacibdir".

Azərbaycanın 1 iyul - 31 dekabr 2018-ci il müddəti çərçivəsində QDİƏT-də sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilir. Sədrliyimizin əsas prioritetləri arasında QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur.

Sədrliyimiz dövründə QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarətin gücləndirilməsinə töhfə vermək məqsədilə Bakıda nəqliyyat və informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə nazirlərin iki iclası, müvafiq olaraq, bu ilin 25 oktyabr və 4 dekabr tarixlərində keçirilib. Ümumilikdə, Azərbaycanın sədrliyi zamanı xarici işlər nazirləri səviyyəsində görüş də daxil olmaqla 4 nazirlər, 21 tematik işçi qrupunun və xüsusi işçi qruplarının iclası keçirilib və bir sıra işçi qruplarının (turizm, İKT, enerji) fəaliyyət planları qəbul edilib. Həmçinin 10-dan yuxarı QDİƏT-in əlaqəli orqanlarının toplantısı, təlim proqramları, seminarlar və digər tədbirlər təşkil olunub. Bundan əlavə, Azərbaycan sədrliyinin müraciətləri əsasında QDİƏT-in işinin səmərəliliyinin artırılması məqsədilə müvafiq qiymətləndirmə sənədləri hazırlanıb.

Qeyd olunanlardan əlavə, Azərbaycanın sədrliyi zamanı “QDİƏT regionunda regional ticarətin asanlaşdırılması üzrə Strategiya” və “QDİƏT-in bir pəncərə əməkdaşlığı üçün Çərçivə” sənədlərinin layihələri üzərində işin başa çatdırılması məqsədilə müvafiq müzakirələr davam etdirilib. Sözügedən sənədlər regionda artan rəqabət qabiliyyətinə, eləcə də QDİƏT məkanında ölkələrin rifahı naminə ticarətin asanlaşdırılması prosesinə yeni təkan verilməsi məsələlərini özündə ehtiva edir.

QDİƏT-ə sədrlik ölkəmizdən sonra Bolqarıstana keçəcək.

Xatırladaq ki, QDİƏT Türkiyənin təklifi ilə 1992-ci ilin 25 iyun tarixində İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 üzvü var: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. Habelə 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə