Bakı – qlobal hərbi-siyasi problemlərin həlli mərkəzi ANALİTİK

Prezident İlham Əliyev: “Aparılan siyasət Azərbaycana dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var”

Azərbaycanın paytaxtı Bakıda NATO və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü bir daha sübut edir ki, ölkəmiz nəninki regionda, eləcə də dünya miqyasında ən qlobal hadisələrin, geosiyasi proseslərin əsas iştirakçısı, problemlərin həlli mərkəzi olaraq qiymətləndirilməkdədir. O da əbəs deyil ki, bənzər görüşlər Bakıda ilk dəfədir ki, baş vermir. Daha öncələr də Bakıda Rusiya və ABŞ hərbi rəhbərliklərinin görüşləri baş tutub və uğurlu nəticələr əldə edilib.

Daha bir əsas məqam budur ki, bir sıra nüfuzlu hərbi və siyasi ekspertlər yüksək səviyyəli hərbçilərinin görüş üçün Bakını seçmələrini heç də təsadüfi hesab etmirlər. Ona görə də, postsovet məkanında ən uğurlu görüş yeri kimi məhz Azərbaycana üstünlük verilib.

Dövlət başçısı: “Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşünün keçirilməsi əlamətdar hadisədir”

Prezident İlham Əliyevin bu məqama diqqət çəkərək irəli sürdüyü fikirləri öz mühümlüyü ilə seçilir. “Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşünün keçirilməsi əlamətdar hadisədir”, deyə vurğulayan dövlət başçımız bununla yanaşı qeyd edib ki, bu həmçinin, ölkəmizə olan rəğbətin nümayişidir: “Aparılan siyasət Azərbaycana dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var”.

Söz yox ki, istər Rusiya ilə, istərsə də NATO ilə olan münasibətlərin inkişafı da bu reallığı sübuta yetirir. Cənab İlham Əliyevin “Həm Rusiya, həm də NATO ilə Azərbaycanın sıx əlaqələri vardır” ifadəsi də özündə bu gerçəkliyi ehtiva etməkdədir. Dünya kütləvi informasiya vasitələrinin və ekspertlərin Rusiya və NATO generallarının Bakı görüşünə marağı böyük olub. Onlar NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Valeri Gerasimovun məhz Azərbaycan paytaxtında bir araya gəlməsinin arxasında geosiyasi faktorların dayandığına əmindirlər və məhz məsələnin bu aspekti üzərində geniş dayanırlar.

Beləliklə, Bakı hətta soyuq münasibətləri olan ölkələr, təşkilatlar və hərbi—siyasi dairələr arasında ən layiqli barışdırıcı təşəbbüskar kimi çıxış etməklə yanaşı, belə görüşləri ənənəyə çevirir

Azərbaycan həm NATO ilə əməkdaşlıq çərçivəsində, həm də Rusiya ilə yaxın münasibətlər qurmuş, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir

Eyni zamanda, sual oluna bilər ki, belə mühüm görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu təqdirdə, nəyə görə, məhz Azərbaycan seçilib? Birmənalı şəkildə demək olar ki, Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Azərbaycan həm NATO ilə əməkdaşlıq çərçivəsində, həm də Rusiya ilə yaxın münasibətlər qurmuş, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir.

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu balanslı siyasətinin nəticəsidir ki, istər Rusiyanın hərbi-siyasi dairələri, istərsə də NATO ilə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək əlaqələri sabit olaraq saxlanılmaqda davam edir. O da əbəs yerə deyil ki, hər iki hərbi mərkəz Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, Onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər.

Artıq sirr deyil ki, NATO və Rusiya generallarının görüşlərində dünyda cərəyan edən siyasi böhranlı vəziyyətin həlli istiqamətində fakir mübadilələri aparılacaq, mühüm qərarlar veriləcək. Beləliklə, Bakı görüşü NATO və Rusiya hərbi komandanlıqları arasında son illərdə baş tutan ən yüksək səviyyəli görüş kimi də tarixə düşmək ərəfəsindədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə