"Paşinyan anlamalıdır ki, Qarabağ münaqişəsi nizamlanmadan Ermənistanın heç bir problemini köklü şəkildə həll etmək olmaz"

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prinsipial mövqeyini bir daha ortaya qoydu. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı Azərbaycanın heç bir zaman ərazi bütövlüyü prinsipindən əl çəkməyəcəyini və bütün torpaqlarının qaytarılması istiqamətində fəaliyyət göstərəcəyini bir daha bəyan etdi.

A.Mirzəzadə vurğulayıb ki, bu gün Azərbaycan torpaqlarını işğal edən Ermənistan çox ağır vəziyyətdədir və ciddi problemlər içərisindədir: “Bu ilin aprelində Ermənistanda baş verən hadisələrin Dağlıq Qarabağ problemindən irəli gələn çətinliklərdən yarandığını bir daha gördük. Yeni hakimiyyət dərk etməlidir ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Ermənistanın heç bir problemini köklü şəkildə həll etmək olmaz. Bu gün Ermənistan cəmiyyəti Nikol Paşinyandan ilk növbədə Ermənistanı təcrid vəziyyətindən çıxarmağı, sosial problemlərin həllini tələb edir və əgər Paşinyan Koçaryan, Sarkisyan siyasətini davam etdirəcəksə, onda heç bir irəliləyiş əldə edilməyəcək”.

Deputat əlavə edib ki, Azərbaycan isə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində inkişaf edən səmərəli iqtisadiyyata, vətəndaş birliyinə malikdir: "İki il bundan əvvəlki aprel döyüşləri göstərdi ki, Azərbaycan Dağlıq Qarabağ problemini hərbi yolla da həll etmək gücündədir. Bu baxımdan Paşinyan Azərbaycanın işğal edilmiş torpaqalarının qaytarılması istiqamətində hər hansı addım atmalıdır, əks halda Ermənistan iki il bundan əvvəlkindən də ağır məğlubiyyətə düçar olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə