Türkiyə KİV-lərində ulu öndər Heydər Əliyevlə bağlı məlumatlar yayılıb

Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Türkiyənin aparıcı kütləvi informasiya vasitələri məlumatlar yayıb. AZƏRTAC xəbər verir ki, geniş tamaşaçı auditoriyasına malik TRT HABER və TRT AVAZ kanalları, həmçinin İhlas xəbər agentliyi (İHA) Azərbaycan xalqının Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməsi barədə süjetlər yayıb. O cümlədən bu kanalların saytında Ümummilli Liderin həyat və fəaliyyəti barədə məlumatlar verilib, fotolar və videolar təqdim olunub.

Türkiyənin “Milliyyət” qəzeti Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin, Anadolu Agentliyi və “Yeni çağ” qəzeti Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin ümummilli lider haqqında məqalələrini dərc edib. Qardaş ölkənin mətbuatı, həmçinin Ankara, İstanbul və Qars şəhərlərində təşkil olunan anım mərasimləri barədə məlumatları, eləcə də nüfuzlu şəxslərin Heydər Əliyev haqqında açıqlamalarını türkdilli oxuculara çatdırıb.

İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal www.igdirdogusgazetesi.com saytında yayılmış “Heydər Əliyevi rəhmətlə anırıq” sərlövhəli məqaləsində yazır: “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevi vəfatının 15-ci ildönümündə ehtiramla anırıq. Heydər Əliyevdən sürətlə inkişaf edən bir Azərbaycan miras qalıb. Biz iğdırlılar hər zaman Azərbaycanın yanında olmuşuq. Türkiyə ilə gözəl münasibətlər yaratmaq Heydər Əliyevin amalı olub. O, hər zaman “biz iki dövlət, bir millətik” deyib”.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar www.yesiligdir.com portalında təqdim etdiyi “Can Azərbaycanın mərhum lideri Heydər Əliyevi vəfatının 15-ci ildönümündə rəhmətlə anırıq” adlı yazısında Ulu Öndərin şərəfli ömür yoluna nəzər yetirir. Müəllif məqalədə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının uğurlarını sadalayaraq əminliklə ifadə edir ki, bu layihələr Azərbaycan və Türkiyənin qardaşlıq gücünə əlavə güc qatacaq.

Azərbaycanın Ankaradakı səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım mərasimindən geniş məlumat yayan “Milliyyət” qəzeti Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçunun mərasimdəki çıxışını belə təqdim edir: “Bu məktəbdə adı yaşadılan, 15 il əvvəl cismən bizdən ayrılan ulu öndər Heydər Əliyevi vəfatının ildönümündə bir yerdə ehtiramla yad edirik. Həyata keçirdiyi işlərlə tarix yazan mərhum Heydər Əliyev qazi Mustafa Kamal Atatürk kimi uşaqlara, qadınlara və gənclərə çox önəm verməklə xalqının və türk dünyasının sevgi və sayğısını qazanıb. Ulu Öndər hər zaman könüllərdə yaşayacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə