“Ermənistanda kriminal qrupların əsas hədəfi qərbli turistlər olacaq” AÇIQLAMA

“Son bir neçə ayda Ermənistanda cinayətkarlığın səviyyəsinin artması ilə bağlı elə bu ölkənin rəsmi qurumları həyəcan təbili çalırdı”. Bunu SİA-ya açıqlamasında “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, ümumiyyətlə keçən ilin aprelindən başlayaraq küçə mitinqləri nəticəsində Ermənistanda kriminal duruma nəzarət edən orqanların fəaliyyəti ciddi şəkildə sarsılıb: “Polis və digər güc strukturlarında çalışan məmurların əksəriyyəti Sarkisyan rejiminin tərəfdarları idi. Həmin şəxslər elə Ermənistanın keçmiş rəhbərliyinin cinayətkar aləmlə sıx əlaqələrini ört-basdır edirdilər. İstər Koçaryan, istərsə də Sarkisyanın adları üstü açılmamış cinayətlərdə daha çox hallanmağa başladı. Bu faktlar bir daha Ermənistanda transmilli cinayətkarlığın səviyyəsinin bu sahəyə nəzarət edən qurumlar və siyasi hakimiyyətin ən üst qatlarına qədər sirayət etdiyi söyləməyə əsas verir. Ölkənin yeni rəhbərliyi isə bu kimi hallara göz yumaraq hələlik öz yaxınlarını, tanışlarını, qohumlarını hakimiyyətin müxtəlif strukturlarına, parlamentə yerləşdirməklə məşğuldur. Mövcud kriminogen durum isə daha da ağırlaşır. Ermənistan son bir neçə ayda ölkəyə qərb dövlətlərindən xüsusilə də ABŞ-dan çox sayda turistin gəldiyi ilə öyünür. Lakin qarşıdan yeni il gəlir. Sosial durumun daha da ağırlaşdığı Ermənistanda kriminal qrupların əsas hədəfi məhz qərbli turistlər olacaq. Digər tərəfdən, Azərbaycan hər zaman işğal altındakı ərazilərdə transmilli cinayətkar qrupların fəaliyyət göstərdiyinə dair faktlar ortaya qoyub. Təbii ki, bu qruplar Ermənistan rəhbərliyinin dəstəyi olmadan fəaliyyət göstərə bilməzlər. ABŞ Dövlət Departamentində, Mərkəzi Kəşfiyyat İdarəsində vəziyyətin necə təhlükəli olduğunu çox yaxşı anlayırlar. Bu çağırış həm də Paşinyana bir xəbərdarlıq kimi dəyərləndirilməlidir. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində zəruri addımlar atılmasa, işğal altındakı rayonlarda fəaliyyət göstərən terror qruplarının, transmilli cinayətkar şəbəkə üzvlərinin fəaliyyətinə son verilməsə, onlara ölkə rəhbərliyi səviyyəsində dəstək kəsilməsə İrəvan dünyada da daha da təklənəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə