Ermənistanda dekabrın 9-da keçirilmiş erkən parlament seçkilərindən sonra, Rusiyanın dövlət rəhbərliyi Nikol Paşinyana hələ də təbrik ünvanlamayıb və bu məsələ erməni ictimaiyyətində, eləcə də KİV-lərində ciddi müzakirə obyektinə çevrilib.
Ermənistanın “168 jam” qəzetinə müsahibəsində Rusiya Federasiyasının 1-ci dərəcəli müşaviri Modest Kolerov Vladimir Putinin nəyə görə Nikol Paşinyanı parlament seçkilərində əldə etdiyi qələbəsini təbrik etməməsi məsələsinə toxunaraq deyib ki, Rusiya prezidenti Paşinyanı parlament seçkilərində əldə etdiyi qələbəsinə görə təbrik etməməlidir: “Bu, Rusiya prezidenti Vladimir Putinin səviyyəsində deyil. Həmin məsələ ilə bağlı cavabdehliyi RF-nın baş naziri Dmitri Medvedev və RF-nın dövlət dumasının sədri Vyaçeslav Volodin daşıyır. Onlar da reaksiya verəcəklər. Gəlin gözləyək, düşünürəm ki, bu həftənin sonlarına qədər vaxt var və əgər bu pauza uzanarsa, onda biz bunun səbəbləri barədə daha detallı şəkildə danışarıq”.
Kolerovun sözlərinə görə, təbrikin gecikməsi müxtəlif səbəblərdən doğa bilər. Rusiyalı siyasi ekspert daha öncələr Rusiya prezidenti Vladimir Putinin sabiq prezident Serj Sarkisyanı Respublika partiyasının parlament seçkilərində qələbəsi münasibəti ilə təbrik etməsi sualını da cavablandırıb və ehtimal edib ki, yaranmış situasiya Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsi ilə də əlaqələndirilə bilər.
Almaniyanın tanınmış politoloqu Aleksandr Rar da sözügedən məsələ ilə bağlı ilginc fikirlər irəli sürüb. Onun sözlərinə görə, bu erməni-rus münasibətlərində müstəsna haldır, halbuki praktikada təbriklərin gecikməsi mümkündür. Ancaq onun sözlərinə görə, əgər təbriklərin ənənəvi səviyyə və müddəti dəyişirsə, demək problem, etibarsızlıq yaranıb. “Həmçinin, bu problemin olması barədə bir ismarıcdır. Hətta təbrik olarsa belə, Rusiya tərəfi öz sözünü deyib və Ermənistan hakimiyyəti çox yəqin ki, işin nə olduğunu yaxşı bilirlər”, almaniyalı politoloq deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə