“Çalışırıq ki, dövlət proqramına öz töhfəmizi verək” ÖZƏL-MÜNASİBƏT

“Mənəvi Dəyərlərin Təbliği Fondu cənab Prezident İlham Əliyevin Fərmanı ilə ötən ilin oktyabr ayında yaradılıb. Bizim Fondumuzun müxtəlif istiqamətlərdə fəaliyyəti artıq bir ildir ki, davam edir”. Bunu SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

Onun sözlərinə görə, Fondun fəaliyyətinin əsas məqsədi mənəvi dəyərlərimizin qorunması, inkişafı və bu sahədə müxtəlif layihələri həyata keçirməkdir: “Əsas fəaliyyət istiqamətlərindən biri isə gənclərimizin Azərbaycan kimliyi, milli şüuru, Azərbaycanın mənəvi dəyərləri, milli dəyərlərinə bağlı, onların bu ruhda tərbiyyəsi, maariflənməsi istiqamətindədir. Fondumuz artıq Bakı şəhərində, rayonlarımızda, müxtəlif yerlərdə bu səpkidə tədbirlər həyata keçirib. Bugünkü tədbirimiz isə “Azərbaycan gəncliyi ənənə ilə müasirlik qovşağında” mövzusundadır. Burada tələbələr, gənclər, ictimaiyyət nümayəndələri iştirak edirlər. Tədbirin keçirilməsində məqsəd yenə Azərbaycan ənənələrinə bağlı lakin keçmişdə qalmayan, eyni zamanda müasirliklə də ayaqlaşan gənc nəslin yetişdirilməsi məsələsidir.

Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif sahələrdə sürətlə inkişaf edir. Bu gün cənab Prezident tərəfindən məqsədyönlü proqramlar həyata keçirilir. Təbii ki, bu özünü müxtəlif istiqamətlərdə göstərir. Əlbəttə ki, gənclər bizim hərəkətverici qüvvəmizdir və onlar Azərbaycanın gələcəyidir. Ona görə də gənclərin tədbirlərdə daha aktiv iştirakı və daha aktiv cəmiyyətdə rol oynamaları çox vacibdir. Biz də Mənəvi Dəyərlərin Təbliği Fondu olaraq çalışırıq ki, bu sahədə dövlət proqramına öz töhfəmizi verək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə