“Heydər Əliyev xalqı faciələrdən xilas edən Lider olub” - Ramiz Şabanov

“On beş il öncə – 2003-cü ilin dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev əbədiyyətə qovuşdu, lakin onun bizlərə miras qoyduğu müasir, müstəqil Azərbaycan inkişaf edir, zəfərlər qazanır”. Bi fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anarkən deyib.

Onun sözlərinə görə, Dahi Şəxsiyyət Heydər Əliyevin keçdiyi həyat yolu Azərbaycanın inkişaf yoludur: “Tarixdə elə insanlar var ki, onların həyat və fəaliyyəti bütün xalqın taleyini təyin edir. Heydər Əiyev də belə Şəxsiyyətlərdəndir. Uca Tanrı Onu Azərbaycan xalqına bir xilaskar kimi göndərdi. Çünki Heydər Əliyev dahi insan, tarixi şəxsiyyət idi. Bu cür insanlar bəlkə də 100 ildə bir dəfə doğulur. Xalq öz qəhrəmanlarını unutmur. Heydər Əliyev dövlət başçısı kimi ağır zamanlarda xalq üçün işıq yolu, xalqı faciələrdən xilas edən bir Lider olub”.

“Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri hesab edilib”, deyən YAP Tərtər rayon təşkilatının sədri həmçinin bildirib ki, O, fiziki olaraq həyatdan köçdükdən sonra xalq bu dahi şəxsiyyətə olan sevgi və hörmətini qəlbinin bir guşəsində yaşadır: “O, hər bir azərbaycanlının yaddaşında xilaskar Lider, təcrübəli ölkə başçısı, məqsədyönlü, hərtərəfli şəxsiyyət, millət atası kimi qalıb. Onun Ümummilli Liderlik zirvəsini fəth etməyin kökündə ölkənin və xalqın ən ağır zamanlarda xilasedici missiyası yerinə yetirərək, dövləti və milləti düzgün yola yönəltmək dayanır. Bununla yanaşı, Heydər Əliyev təbiətcə yorulmaz insan idi, o, bütün həyatı boyu öz üzərində çalışıb. Allahdan Ona bəxş edilən istedadı inkişaf etdirərək hər zaman yeniliklər öyrənmək və öz dövrünü qabaqlamağa müvəffəq olub”.

Ramiz Şabanov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın qazandığı bir çox uğurları sadalamaq olar, lakin burada başqa məqam var: “Əgər bugünkü Azərbaycana baxdıqda cəsarətlə Heydər Əliyevin 20-30 il əvvəldən gördüyünü söyləmək olar. Onun tərəfindən əsası qoyulmuş layihələr ölkənin iqtisadi və sosial inkişafı üçün əhəmiyyət kəsb etdi. Heydər Əliyev sovet idarəetmə prinsiplərini effektiv istifadə edərək Azərbaycanın Sovetlər Birliyinində olduğu müddətdə inkişafını təmin etməyə çalışırdı. Ölkənin müstəqillik illərində də bunu davam etdirdi. Dahi lider xalqının və ölkəsinin taleyində oynadığı böyük rol əsrlər boyu unudulmayacaq”.

Rayon təşkilatının sədri vurğulayıb ki, bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, daxili və xarici siyasətdə, diplomatiyada, iqtisadi və s. sahələrdə əldə edilən hər bir uğurun təməlində Heydər Əliyev izi, Heydər Əliyev siyasi kursu dayanmaqdadır. Bu siyasət Onun layiqli siyasi varisi, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev onun layiqli davamçısıdır”, deyə qeyd edən Ramiz Şabanov əlavə edib ki, ölkə başçımız, Ümummilli Liderin balanslaşdırılmış siyasətini davam etdirmək, dəqiq strategiya yürüdür. Bu gün Azərbaycan xalqı öz nailiyyətləri ilə fəxr edərək, dünya iqtisadiyyatı və mədəniyyətinə öz töhfələrini çatdırır: “Bəli, məhz siyasətdə az adam tapılar ki, onun Olimp zirvəsində bu qədər uzun müddət dayana bilsin, həmçinin milyonlarla insanın qəlbində xoş iz buraxa bilsin. Dövlət idarəçiliyində səmərəlilik və müdriklik, uzaqgörənlik və peşəkarlıq, qətiyyət və yenilik – şübhəsiz ki, bu keyfiyyətlər Ulu Öndərimiz Heydər Əliyevə siyasi zirvəni fəth etməyə kömək etdi, eləcə də yeni-yeni zirvələri aşmağa nəhəng stimul vermiş oldu. Azərbaycan xalqı yaşadıqca, Azərbaycan dövləti var olduqca, Heydər Əliyev siyasi kursu, Heydər Əliyev irsi də daim yaşayacaq, yaşadılacaq. Allah Ulu öndərimizə rəhmət eləsin”.

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə