"Azərbaycanın seçilməsi hörmət və etimadın təzahürüdür" RƏY-ÖZƏL

“Azərbaycanda beynəlxalq tədbirlər, görüşlər keçirmək bütün dövlətlər üçün əlverişlidir. Çünki, ölkəmizdə qlobal sülh və təhlükəsizlik, strateji dialoq və qarşılıqlı etimad mühiti var”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Azərbaycanın beynəlxalq tədbirlərə yüksək təşkilatçılıq qabiliyyətinin dünya ölkələrinin marağına səbəb olduğunu deyən deputat söyləyib ki, vacib məsələlərin müzakirə edilməsi üçün məhz Azərbaycanın seçilməsi ölkəmizə olan hörmət və etimadın təzahürüdür.

C.Osmanov vurğulayıb ki, vaxtilə mühüm görüşlərin keçirilməsi Avropa ölkələrinə üz tutulurdusa, bu gün Azərbaycanda mövcud olan təhlükəsizlik, inkişaf və sabitlik dünya ölkələrinin marağını cəlb edir: “Artıq hər kəs dünyanın tarixi ölkələrindən biri olan Fransada nələrin baş verdiyini görür. Eləcə də digər Avropa ölkələrində sabitliyin olmadığını deyə bilərik. Bütün bunların fonunda iki qütbün arasında yerləşən Azərbaycanın tolerantlıq, multkulturalizm ölkəsi olması təbii ki, yüksək səviyyəli görüşlər üçün ən ideal məkana çevrilir”.

Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olmasının arxasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin dayandığını xüsusilə vurğulayan deputat qeyd edib ki, yüksək səviyyəli beynəlxalq görüşlərin ölkəmizdə keçirilməsi Azərbaycanın regiondakı rolu və yürütdüyü müstəqil siyasətin bariz göstəricisidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə