Putin Paşinyanı təbrik etməyə tələsmir "LRAGİR"

Ermənistan mətbuatı ölkədə keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı Rusiya prezidentinin hələ də təbrik məktubu ünvanlamaması ətrafında “baş sındırır”. SİA lragir.am saytına istinadən xəbər verir ki, adıçəkilən media qurumunun şərh bölməsində Vladimir Putinin görüşlərə gecikmək ənənəsinə sahib olması, bununla gözləməyə məcbur olanları aşağılamağa çalışması iddiası irəli sürülüb. “Görünür, Putin çox yəqin ki, Ermənistanda keçirilmiş parlament seçkiləri ilə bağlı təbrik ünvanlamaqda gecikmək qərarını verib”, yazan sayt bir neçə xarici ölkələrin artıq seçkilərlə bağlı təbriklər çatdırdıqlarını xatırladıb: “Artıq Vaşinqtondan, Tehrandan, Brüsseldən, Londondan Almaniyadan, Tbilisidən, hətta Kişinyovdan təbriklər gəlib, Moskva isə hələ də susmaqdadır”.

Maraqlıdır ki, erməni saytı bu dəfə də “inqilab” məsələsini ortaya ataraq, Moskvanın məhz bu səbəbdən təbrik ünvanlamadığını iddia edir. Belə ki, təbrikin ünvanlanması “inqilabın” nəticələrinin tanınması kimi qələmə verilə bilərmiş və s. İkinci tərəfdən, Robert Koçaryanın həbsinə, eləcə də Respublika partiyasının məğlubiyyətinə “dobro” verilməsi də bu iddialara əlavə olunub.

Erməni müəllif daha bir məsələni qabardıb – Gümrüdə bir qadının öldürməkdə ittiham edilən Rusiya hərbçisini. Belə ki, hərbçi Rusiyaya məəxsus hərbi bazada saxlanılır və Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməyib. “Beləliklə, bu məsələdə də Rusiya ilə Ermənistan tərəflərinin hər hansı bir danışıqlar apardıqları barədə məlumatın olmadığı bildirilir və iddia edilir ki, İrəvan şübhəli şəxsin erməni mühakiməsinə verilməsi məsələsində inadkarlıq göstərməlidir. Lakin “Ruslar özünkülərini vermir” və bu amil də Putinin təbriklə bağlı tələsməməsinə səbəb kimi göstərilməkdədir. Ümumiyyətlə, Rusiya Ermənistanı heç təbrik etməyə də bilər, bütün məsələ də bundadır”, yazan lragir.am bu vasitə ilə bütövlükdə erməni ictimaiyyətinin kəskin əndişə keçirdiyinə işarə vurub, o cümlədən, Rusiyanın bu addımının Ermənistanın ictimai rəyində narahatlıq doğurduğunu dolayısı ilə ifadə edib.

Maraqlısı da budur ki, Moskvanın İrəvana təbrik məktubu yollamaması məsələsində erməni saytı ölkədəki yeni hakimiyyətin anti-Rusiya xarakterli çıxışlarının səbəb olması barədə etiraf belə etməyib. Halbuki, bunun səbəbləri çoxdan bəllidir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə